Bakı. Trend:
Avropa Komissiyası üzvləri Macarıstanın sədrliyi tərəfindən təşkil edilən qeyri-rəsmi Avropa İttifaqı Şuralarında iştirak etməyəcək və bu ölkəyə ənənəvi səfər etməyəcəklər.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayandəsi Erik Mamer deyib.
"Macarıstanın sədrliyinin başlanğıcı ilə qeyd olunan son hadisələr fonunda Prezident (Ursula fon der Leyen) Avropa Komissiyasının Şuranın qeyri-rəsmi iclaslarında yüksək vəzifəli şəxslər səviyyəsində təmsil olunmasına qərar verib", - deyə E.Mamer bildirib.
Aİ Şurasına sədrlik dəyişdikdən sonra sədrlik edən dövlətdə ənənəvi olaraq müvafiq nazirlərin qeyri-rəsmi görüşləri keçirilir. Bundan əlavə, İcraiyyə Şurasının üzvləri - Avropa komissarları sədrlik edən ölkəyə kollektiv səfər edirlər. Bu səfər yay tətilindən sonra nəzərdə tutulurdu.
"Kollegiyanın sədr ölkəyə səfəri baş tutmayacaq", - deyə o əlavə edib.