Bakı. Trend:
Türk dövlətləri gələcəkdə də birlik və vəhdətin artmasına yönələcək.
Trend xəbər verir ki. bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərək məlumat verib. Türk Dövlətləri Təşkilatının (TDT) nüfuzunun yüksəlməsini qeyd edən dövlət başçısı, TDT platformasının getdikcə daha cəlbedici hala gəldiyini vurğulayıb.
Ərdoğan, dünyada böhranların və müharibələrin artmasına diqqət çəkərək, Birləşmiş Millətlər Təşkilatının artıq effektiv olmadığını və bəşəriyyətin gözləntilərinə cavab vermədiyini bildirib. O, BMT-nin yaradılma səbəbinin dünyada sülh və sabitliyin təmin edilməsi olduğunu xatırladıb.
"Son illərdə BMT "tərk edilmiş" bir struktur halına gəlib. Biz hesab edirik ki, qlobal sülh və sabitlik məsələləri son dərəcə önəmlidir və bunlar BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə etibar edilə bilməz," - deyə Ərdoğan dünya təşkilatında islahatlar çağırışında bulunub.
Ərdoğan Parisdə keçiriləcək 2024-cü il Olimpiya Oyunlarının açılışını "rüsvayçılıq" adlandırıb. O, "Olimpiadanın açılış mərasimindən görüntülər, cəmiyyətin sütununu təşkil edən ənənəvi ailə institutuna yönəlmiş təhlükəni bir daha göstərdi. İdman tədbiri, müqəddəs dəyərlərə hörmət edən hər kəsi yaralayan 'cinssizliyin' təbliğinə çevrildi," - deyə bildirib.
Dövlət başçısı, gender fərqlərindən imtina etmək ideyasının cəmiyyətlərə zorla qəbul etdirmək cəhdlərinin qlobal bir hal aldığını vurğulayıb. "Türkiyə, ailənin müdafiəsi üçün tərəddüd etmədən duracaq. Bütün ölkələri mübarizəmizi dəstəkləməyə çağırıram," - deyə Ərdoğan qeyd edib.
O, həmçinin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasının (COP29) ekoloji problemlərin həllinə öz töhfəsini verəcəyinə ümid etdiyini vurğulayıb.
Türkiyə lideri, dünya ictimaiyyətini ətraf mühitin qorunması üçün fəal addımlar atmağa çağırıb. Prezident, BMT səviyyəsində dəstəklənən və onun xanımı Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən "Sıfır tullantı" ekoloji təşəbbüsünün müvəffəqiyyətini də qeyd edib.