Bakı. Trend:
“Helen” qasırğası ABŞ-ın cənub-şərqindəki dörd ştatda 40 nəfərin ölümünə səbəb olub. 4 milyondan çox ev və müəssisə elektrik təchizatından məhrum olub.
Trend xəbər verir ki, bu barədə ABŞ-ın Elektrikləşdirilməyə Nəzarət Qurumu məlumat verib.
Corciya ştatında isə 80 mindən çox ev elektrik enerjisiz qalıb. Bu iki ştatla yanaşı, Alabama, Şimali Karolina və Virciniya ştatlarında da fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, qasırğa Florida ştatını sentyabrın 26-da axşam saatlarında vurub və dördüncü kateqoriyaya aid edilib; bu kateqoriyada küləyin sürəti 209-251 km/saata çata bilər.
Ştatın qubernatoru Ron Desantis, itkilərin və maddi ziyanın artacağını bildirib.
Florida ştatının Taylor dairəsi şerifinin ofisi "Helen" qasırğası səbəbindən təxliyə edilməkdən imtina edən yerli sakinlərə çağırış edib: "Lütfən, adınızı, doğum tarixinizi və vacib məlumatları qolunuza və ya ayağınıza permanent (qalıcı) markerlə yazın ki, kimliyinizi müəyyənləşdirmək və ailənizə xəbər vermək mümkün olsun."