Bakı. Trend:
Şiə Hizbullah qruplaşması İsrailin şimalında yerləşən 25 yaşayış məntəqəsinin sakinlərinə bu ərazilərin hərbi hədəf olduğunu bildirərək, dərhal evlərini boşaltmalarını tələb edib.
Trend xəbər verir ki, bu barədə məlumat qruplaşmanın Telegram kanalında yayımlanan ivrit dilində videomüraciətdə verilib.
"İslam Müqaviməti işğal olunmuş Fələstinin şimalında yerləşən 25 məntəqənin sakinlərinə xəbərdarlıq edir və onları dərhal təxliyə etməyə çağırır," - deyə bildirilir. "Kəndləriniz Livana hücum edən hərbi qüvvələrin bazasına çevrilib və bu səbəbdən qanuni hərbi hədəf olaraq hava və raket hücumlarına məruz qala bilər."
El-İxbariya telekanalı əlavə edib ki, Hizbullah ilk dəfədir ki, İsrailin şimalında yaşayan sakinlərə bu cür xəbərdarlıqla müraciət edir.