Bakı. Trend:
Macarıstanda orta əməkhaqqı əhəmiyyətli dərəcədə artıb.
Trend Macarıstan Mərkəzi Statistika İdarəsinin (KSH) dərc etdiyi məlumatlara istinadla xəbər verir ki, dövlət sektorunda orta ümumi əməkhaqqı (vergi tutulmasından əvvəlki əməkhaqqı) 14,4 faiz (609,2 min forintə qədər), qeyri-kommersiya sektorunda isə 15,8 faiz artıb (641,600 forintə qədər).
Bu göstəricilər ölkədə inflyasiya səviyyəsini üstələyir.
Məşğulluq siyasəti üzrə Dövlət katibi Şandor Çomba son məlumatları şərh edərək, real əməkhaqqının il ərzində davamlı olaraq qalxdığını, məşğulluğun artdığını bildirib. O əlavə edib ki, 2010-cu ildən bəri orta əməkhaqqı 3 dəfə, işçilərin sayı isə 1 milyon nəfər artıb. Dövlət katibi qeyd edib ki, işləyən macarların alıcılıq qabiliyyətinin artması hökumətin bu yaxınlarda təqdim etdiyi iqtisadi siyasət üzrə fəaliyyət Planının sütunlarından biridir. Müvafiq tədbirlərə gənc işçilər üçün kredit sxeminin işə salınması, uşaqlı ailələr üçün vergi güzəştlərinin ikiqat artırılması və işəgötürənlər ilə həmkarlar ittifaqları arasında əməkhaqqının müəyyən edilməsi barədə üçillik saziş daxildir. “Hökumət 2028-ci ilə qədər minimum aylıq əməkhaqqını 1 min avro müəyyən etməyi, orta əməkhaqqını isə 1 milyon forintə çatdırmağı planlaşdırır”, - deyə o əlavə edib. Çomba bildirib ki, iqtisadi artım əməkhaqqı artımının sürətləndirilməsi üçün şərtdir.