Bakı. Trend:
ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya deyib ki, seçkilərdə qalib gəldiyi halda, İsrail onun andiçmə mərasimindən əvvəl Qəzzada münaqişəni dayandırmalı olacaq.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti İsrail rəsmisinə və vəziyyətlə tanış olan keçmiş Tramp administrasiyasının rəsmisinə istinadən bildirib.
Məlumata əsasən, D.Tramp bunu ilk dəfə iyul ayında Floridadakı Mar-a-Laqo iqamətgahında Netanyahunu qəbul edərkən deyib.
Nəşrin amerikalı mənbəsi qeyd edib ki, D.Trampın tələbi sərt olmayıb.
Bildirilib ki, Trampın mümkün inauqurasiyasından əvvəl görmək istədiyi qələbənin bir hissəsi Qəzza zolağından israilli girovların qaytarılması olmalıdır.