Bakı. Trend:
2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.
Trend-in məlumatına görə, 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla, 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub.
Təbii fəlakət bölgəsinə 650 min nəfərlik işçi qüvvəsi cəlb olunub. Onlardan 11 min 488-i beynəlxalq olmaqla 35 min 250-si axtarış-xilasetmə, 142 mini isə təhlükəsizlik işçisi idi. Bütün bu işlərin aparılması üçün 20 min avtomobil və tikinti texnikası, 141 helikopter, 182 təyyarə və 23 gəmi ayrılıb.
İlkin mərhələdə bölgəyə bir milyon çadır çatdırılıb ki, bu da təxminən 2,5 milyon zərərçəkənin müvəqqəti sığınmasına imkan yaradıb. Bölgədən 3 milyon 549 min nəfər təxliyə edilib. Bu dövrdə "Türk Hava Yolları" 13 min 701 uçuşla 2 milyondan çox sərnişin daşıyıb, zəlzələ bölgəsinə 32 min 770 ton yardım materialı çatdırıb.
Bu çətin anlarda Azərbaycan həmişəki kimi qardaş ölkənin yanında oldu. Türkiyəyə ilk yardım göndərən ölkələrdən biri ölkəmiz oldu. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dövlət qurumlarımız səfərbər oldular.
Azərbaycandan göndərilən 669 xilasedici Hatay, Antakiya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirak edərək 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına təhvil veriblər.
Azərbaycan qardaş ölkəyə təkcə zəlzələ zamanı köməklə kifayətlənmədi. Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verdi. Belə ki, 2023-cü ilin sentyabrın 25-də Naxçıvan şəhərində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nə əsasən, işlərin çoxu görülüb.
Belə ki, ötən ilin sentyabrında Türkiyənin Kahramanmaraş şəhərində yeni inşa edilən Azərbaycan məhəlləsindəki məktəbin açılışı baş tutub.
“Azərbaycan” məhəlləsində ümumilikdə 1278 iki, üç və dördotaqlı mənzillərin, həmçinin 826 ofis və ticarət obyektinin yerləşəcəyini bildirilib.