Antalya. Trend:
Türkiyə diplomatiyası diplomatik səylərin bu gün hər birimizin üzləşdiyi çətin çağırışların öhdəsindən gəlməyə necə kömək etdiyinin bariz nümunəsidir.
Trend xəbər verir ki, bunu Monteneqro prezidenti Yakov Milatoviç 4-cü Antalya Diplomatiya Forumunda etdiyi çıxış zamanı bildirib.
O Türkiyənin diplomatik səylərini, ələlxüsus Türkiyə ilə Balkan ölkələr arasında əlaqələrin möhkəmlənməsində oynadığı rolu yüksək qiymətləndirib.
Onun sözlərinə görə, bu gün əsas diqqət Türkiyə ilə tərəfdaş münasibətlərinin möhkəmlənməsinə, mədəni oxşarlıqlar və qlobal problemlərə ümumi baxışlardan istifadə olunmasına yönəlib.
Milatoviç Monteneqronun xarici siyasətinin dörd əsas istiqamətini qeyd edib. "Birincisi, Balkan ölkəsi olaraq, regional əməkdaşlıq bizim üçün son dərəcə vacibdir," - deyə o bildirib və bölgədə sülh və sabitliyin təmin olunması üçün qonşu dövlətlər arasında qarşılıqlı etimad və hörmətin əhəmiyyətini vurğulayıb.
Y.Milatoviçin sözlərinə görə, ikinci istiqamət Monteneqronun NATO-ya üzvlüyüdür. Bu, ölkənin geosiyasi mövqeyini müəyyənləşdirir və Avropada mövcud çağırışlar fonunda təhlükəsizliyi təmin edir. O, eyni zamanda Monteneqronun Ukraynadakı müharibə ilə bağlı prinsipial mövqeyini qeyd edərək, ədalətli sülhə çağırış edib.
Üçüncü istiqamət isə Monteneqronun Avropa İttifaqına üzv olmağa can atmasıdır. Ən çox inkişaf etmiş namizəd-ölkələrdən olan Monteneqro qarşısına ambisiyalı, bununla belə real bir məqsəd qoyub - 2028-ci ilə qədər Avropa İttifaqının 28-ci dövlətinə çevrilmək", - deyə o bildirib.
O əlavə edib ki, Ukraynadakı müharibə Avropa İttifaqı ölkələrini qitənin təhlükəsizliyi üçün genişlənmənin vacibliyinin fərqinə varmağa vadar edib.
Sonda Milatoviç Avropa İttifaqına üzvlüyü prosesində Monteneqronun uğur qazanacağına ümidini ifadə edib.