Bakı. Trend:
Papa Fransiskin istifadə etdiyi açıq pikap avtomobili mobil tibbi yardım məntəqəsinə çevrilərək Qəzza zolağına göndəriləcək.
Trend-in Corriere della Sera nəşrinə istinadən verdiyi məlumata görə, bu təşəbbüs pontifikin şəxsi istəyi ilə həyata keçirilir. O, bu məqsədlə Qüdsdə fəaliyyət göstərən katolik xeyriyyə təşkilatı Caritas-a müraciət edib. Layihə İsveçdəki Caritas bölməsi tərəfindən icra olunur.
Avtomobil test və diaqnostika üçün tibbi avadanlıqla, ilkin yardım çantası və dərmanların saxlanması üçün soyuducu ilə təchiz ediləcək. Bu təşəbbüs xəstəxanalara çıxışı olmayan uşaqlara yardım göstərməyi hədəfləyir.
Qeyd edilir ki, avtomobil İsrailin bağladığı humanitar dəhlizlər açıldıqdan dərhal sonra Qəzzaya göndəriləcək.
Xatırladaq ki, Papa Fransisk bu il aprelin 21-də səhər saatlarında vəfat edib. Həkimlər onun ölüm səbəbini insult və geri dönməz ürək-damar kollapsı ilə əlaqələndiriblər.