Bakı.Trend:
“Ötmə və manevretmə qaydalarının pozulması saniyələr içində Sizi və sevdiklərinizi faciəyə aparır”
Trend xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlığında bildirilib.
Bildirilib ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir sürücünün məsuliyyətli davranışından asılıdır:
"Bu baxımdan ötmə və manevretmə qaydaları xüsusi əhəmiyyət daşıyır. Təəssüf ki, son zamanlar bəzi sürücülərin bu qaydaları pozması nəticəsində ağır yol-nəqliyyat hadisələrinin baş verdiyi müşahidə olunu"r.
Ötmə və manevretmə qaydalarının pozulması nə ilə nəticələnir?
Qeyd edilib ki, qarşı zolağa çıxaraq ötmə zamanı sürücülərin qarşıdan gələn nəqliyyat vasitəsini nəzərə almaması cəmi bir neçə saniyə ərzində toqquşmaya səbəb ola bilər:
"Bu isə həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükə altına qoyur.
- Düzgün siqnal vermədən və ya sürət həddini aşaraq edilən qəfil manevrlər digər sürücüləri çaşdırır, qəza ehtimalını dəfələrlə artırır.
- Xüsusilə avtobus, yük maşını kimi iri nəqliyyat vasitələrinin qarşısında və ya onların arxasında edilən riskli ötmələr yol-nəqliyyat hadisələrinin ən faciəvi səbəbləri sırasında yer alır".
"Müşahidələr göstərir ki, ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verən qəzalar daha çox ağır xəsarətlərlə və insan ölümü ilə yadda qalır. Bir anlıq diqqətsizlik və ya məsuliyyətsizlik təkcə qaydanı pozan sürücünün deyil, onunla bərabər günahsız insanların da həyatına son qoya bilər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:
- Yalnız yol şəraitinin imkan verdiyi hallarda, işıq və yol nişanlarının tələblərinə tam riayət etməklə ötmə əməliyyatı aparın.
- Qəfil və gözlənilməz manevrlərdən çəkinin, sükan arxasında məsuliyyətli olun.
Unutmayın ki, yol hərəkəti qaydaları həyatınızı qorumaq üçün nəzərdə tutulub"-məlumatda bildirilib