Bakı. Trend:
“Walt Disney Co.” Yaxın Şərqdə ilk əyləncə parkını Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində açacaq. Bu, ümumilikdə “Disney”in 13-cü əyləncə parkına çevriləcək.
Trend xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Nəhəng əyləncə parkının Əbu-Dabinin Yas adlı süni adasında salınacağı bildirilir. Parkın mülkiyyətçisi və operatoru artıq adada “Ferrari World”, “Warner Bros. World”, “SeaWorld” əyləncə parklarına sahib olan yerli “Miral Group” olacaq.
İllik 120 milyondan artıq sərnişin qəbul edən dünyanın ən iri aviasiya habında dünyaca məşhur “Disney” parkının yaradılması şirkətin gəlirlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Sonuncu “Disneyland” parkı 2016-cı ildə Şanxayda (Çin) açılmışdı.