Bakı. Trend:
Məşhur bəstəkar və pianoçu, Latın Amerikası cazının pioneri sayılan Eddi Palmyeri 88 yaşında vəfat edib.
Trend xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazır.
Musiqiçinin ölümünü onunla uzun müddət əməkdaşlıq etmiş “Fania Records” musiqi şirkəti təsdiqləyib.
Palmyerinin qızı Qabriella bildirib ki, atası Nyu-Cersidəki evində dünyasını dəyişib. Onun uzun sürən xəstəlikdən əziyyət çəkdiyi qeyd olunur.
Palmyeri 1936-cı ildə Nyu-York şəhərinin ispan Harlemi adlanan rayonunda dünyaya gəlib. Hələ kiçik yaşlarından fortepiano ifa etməyi öyrənən Palmyeri zaman keçdikcə bəstəkar kimi peşəkar səviyyəyə yüksəlib. O, afroamerikan və latın musiqi üslublarını birləşdirərək, sınaqlar aparıb və bunun nəticəsində salsa, fank, soul və caz elementlərini özündə cəmləşdirən unikal janr sintezini yaradıb.
Sənətçi 1975-ci ildə “Qremmi” mükafatına layiq görülən ilk latın amerikalı musiqiçi olub. Latın cazının öncüsü sayılan Palmyerinin diskoqrafiyasında, demək olar ki, 40 albom yer alır. Yaşına baxmayaraq, o, hətta COVID-19 pandemiyasının ilk dövrlərində belə canlı konsertlər verməyə davam edib.