Bakı. Trend:
ABŞ Senatı Demokratlar tərəfindən təqdim olunan və federal hökumətin maliyyələşdirilməsini davam etdirməyi nəzərdə tutan qanun layihəsini qəbul etməyib.
Trend xəbər verir ki, səsvermə zamanı layihəni 47 senator dəstəkləyib, 53-ü isə əleyhinə səs verib. Qanunun təsdiqi üçün ən azı 60 səs tələb olunurdu.
Layihənin məqsədi hökumətin 1 oktyabrda qismən bağlanmasının (şatdaun) qarşısını almaq idi. Əgər Konqres bu gün gecə yarısına qədər razılığa gələ bilməsə, federal hökumət fəaliyyətini dayandıracaq.
Qeyd olunur ki, hökumət bağlanacağı təqdirdə sosial təminat ödənişləri davam edəcək, Dövlət Departamenti isə pasport və vizaların verilməsini dayandırmayacaq.
Xatırladaq ki, 1977-ci ildən bəri hökumət maliyyələşdirilməsinin kəsilməsi 20 dəfədən çox baş verib. Ən uzun şatdaun Donald Trampın prezidentliyi dövründə – 2018-ci ilin dekabrından 2019-cu ilin yanvarına qədər 35 gün davam edib.