Bakı. Trend:
Ekvador Prezidenti Daniel Noboa dizel yanacağının bahalaşması ilə əlaqədar etiraz aksiyalarına görə ölkənin on əyalətində toplaşmaq hüququnu məhdudlaşdırıb.
Trend xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Piçinça, Kotopaxi, Tunquraua, Kimboraso, Bolivar, Kanyar, Asuay, Orelyana, Sukumbíos və Pastasa əyalətlərində sərbəst toplaşmaq azadlığı dayandırılıb.
Prezidentin fərmanı hərbçilərə və polisə lazım bildikdə “ictimai toplantıların qarşısını almaq və onları dağıtmaq” səlahiyyəti verir. Bundan əlavə, ictimai asayişi pozan, vətəndaşların təhlükəsizliyini təhdid edən və onların yaşamaq, hərəkət və işləmək hüquqlarını məhdudlaşdıran “karantinlər və zorakı hərəkətlər” səbəbindən qeyd olunan əyalətlərdə fövqəladə vəziyyət elan olunub.
Qeyd edək ki, sentyabrın 12-də prezidentin dizel yanacağına subsidiyaların ləğvi barədə fərman imzalamasından sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Nəticədə dizel yanacağının qiyməti bir qallon üçün 1,80 dollardan 2,80 dollara yüksəlib.