Bakı.Trend:
Böyük Britaniya və Norveç Arktikada sualtı kritik infrastrukturu qorumaq məqsədilə birgə hərbi-dəniz qüvvələrinin yaradılmasını nəzərdə tutan müdafiə paktının imzalanmasına hazırlaşırlar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, son illərdə Rusiya gəmilərinin Birləşmiş Krallıq suları yaxınlığında aktivliyi 30% artıb. Yeni saziş sualtı kabelləri və boru kəmərlərini qorumağa xidmət edəcək. Bu obyektlərin məhv edilməsi infrastruktur üçün ciddi nəticələrə səbəb ola bilər.
“Qlobal qeyri-stabil vəziyyətin dərinləşdiyi bir dövrdə və bizim sularımızda Rusiya gəmilərinin sayının artdığı vaxtda, milli təhlükəsizliyimizi qorumaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməliyik. Norveçlə bu tarixi razılaşma sərhədlərimizi və ölkələrimizin asılı olduğu kritik infrastrukturu müdafiə etmək imkanlarımızı gücləndirir”, – Britaniyanın Baş naziri Kir Starmer bildirib.
