Bakı.Trend:
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclasında ukraynalı uşaqlarla bağlı qətnamə qəbul olunub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Ukraynalı uşaqların qayıdışı” adlı sənədin layihəsi Ukrayna, Kanada və bir sıra Avropa ölkələri tərəfindən birgə şəkildə təqdim olunmuşdu. Qətnamənin leyhinə 91 nümayəndə heyəti səs verib, 57 ölkə bitərəf qalıb, Rusiya və başqa 11 ölkə sənədin qəbuluna qarşı çıxıb. Daha 30 ölkədən olan nümayəndə heyətləri isə səsvermədə ümumiyyətlə iştirak etməyiblər.
Ukraynalı uşaqların 2014-cü ildən ( Moskvanın Krımı ilhaq etdiyi vaxtdan) bəri ailələrindən ayrılması, o cümlədən işğal olunmuş Ukrayna ərazilərində köçürülənlər və Rusiyaya deportasiya olunanlarla bağlı qətnamədə onların aqibəti ilə bağlı dərin narahatlıq ifadə olunur. Sənəddə bu hərəkətlər işğal olunmuş ərazilərdən qorunan şəxslərin zorla köçürülməsini və ya deportasiyasını qadağan edən Cenevrə Konvensiyalarının pozuntusu kimi təsvir olunur.
Sənəd zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı uşaqların dərhal, təhlükəsiz və qeyd-şərtsiz qaytarılmasının təmin edilməsini Rusiyadan tələb edir.
