Bakı. Trend:
2025-ci ilin əvvəlindən etibarən Çində 5G baza stansiyalarının sayında əhəmiyyətli artım qeydə alınıb.
Trend-in “Xinhua”ya istinadən verdiyi məlumata görə, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin açıqladığı statistika bunu təsdiqləyir.
Məlumata əsasən, bu ilin oktyabr ayının sonuna ölkədə 5G baza stansiyalarının ümumi sayı təxminən 4,76 milyon olub. Bu, ötən ilin sonu ilə müqayisədə 507 min çoxdur və bütün mobil baza stansiyalarının 37 faizinə bərabərdir.
Telekommunikasiya sektorunun gəliri də artaraq ilin ilk 10 ayı ərzində 1,46 trilyon yuana (təxminən 207 milyard ABŞ dolları) çatıb ki, bu da ötən illə müqayisədə 0,9 faiz çoxdur.
Bununla yanaşı, oktyabrın sonuna ölkədə 5G mobil abunəçilərinin sayı 1,18 milyardı keçib. Bu göstərici 2024-cü ilin sonundakı rəqəmlə müqayisədə 170 milyon xalis artım deməkdir və bütün mobil abunəçilərin 64,7 faizini təşkil edir.
