Bakı. Trend:
Demokratlar Partiyasından olan senatorlar ABŞ Konqresinin yuxarı palatasına üzərində ABŞ prezidentlərinin təsvirləri olan əskinasların çapını və sikkələrin zərb edilməsini qadağan edən qanun layihəsi təqdim ediblər.
Trend-in məlumatına görə, qanun layihəsinin müəllifləri Ceff Merkli (Oreqon ştatından Demokrat) və Ketrin Kortez Masto (Nevada ştatından Demokrat) olub.
Təklif etdikləri qanun layihəsinin mətni cəmi bir səhifəyə sığır və cəmi bir neçə sətir tutur. Qanun layihəsi "sağ və ya vəzifədə olan prezidentə bənzəyən ABŞ valyutası"nın buraxılmasını qadağan edir.
C.Merklinin bəyanatına görə, qanun layihəsi ABŞ prezidenti Donald Trampın üzərində onun şəkli olan yeni bir dollarlıq sikkələr seriyası buraxmasının qarşısını alacaq. Bu buraxılış ABŞ-ın 250 illiyi (4 iyul 2026-cı ildə qeyd olunur) üçün planlaşdırılırdı.