Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı aparıblar.
Trend xəbər verir ki, bu məlumatı “Sky News”a hökumət daxilindəki mənbə təsdiqləyib.
Mənbənin bildirdiyinə görə, söhbət zamanı tərəflər ABŞ-nin rəhbərlik etdiyi sülh təşəbbüsü çərçivəsində aparılan danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. “Aİ-3” liderləri Vaşinqtonun Ukraynada ədalətli və davamlı sülhün əldə olunması istiqamətindəki səylərini yüksək qiymətləndiriblər.
Mənbə əlavə edib ki, yaxın günlərdə sülh planı üzərində intensiv iş davam etdiriləcək.
Böyük Britaniyada ictimai çıxışı zamanı Emmanuel Makron söhbətin təxminən 40 dəqiqə sürdüyünü bildirib.
