Bakı. Trend:
ABŞ Nümayəndələr Palatası 2026-cı maliyyə ili üçün rekord məbləğdə – 901 milyard dollarlıq hərbi büdcəni təsdiqləyib.
Trend xəbər verir ki, səsvermənin nəticələri C-SPAN telekanalı tərəfindən yayımlanıb.
Qanun layihəsinin lehinə 312, əleyhinə isə 112 qanunverici səs verib. Bununla da sənəd Konqresin aşağı palatasından keçərək baxılması üçün Senata göndərilib. Yuxarı palata da təsdiq etdiyi halda, layihə prezident Donald Trampın imzasına təqdim olunacaq.
Qeyd olunur ki, qəbul edilən büdcə ABŞ prezidentinin Konqresdən tələb etdiyi 892,6 milyard dollarlıq müdafiə xərclərini 8 milyard dollar üstələyir. Bu vəsait Pentaqonla yanaşı digər müdafiə və təhlükəsizlik qurumlarının maliyyələşdirilməsini də əhatə edir.
Əvvəllər Nümayəndələr Palatası administrasiyanın təqdim etdiyi eyni məbləği dəstəkləmiş, Senat isə bunu 925 milyard dollara qədər artırmağı təklif etmişdi. Nəticədə tərəflər kompromis variant olan 901 milyard dollarlıq büdcədə razılığa gəliblər.
