Bakı. Trend:
Dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan "Coinbase"in icraçı direktoru Brayan Armstronq proqnozlaşdırır ki, kriptovalyutanın dəyərinin təxminən 30% itirməsinə baxmayaraq, "Bitcoin" 2030-cu ilə qədər 1 milyon dollar səviyyəsinə çatacaq.
Trend xəbər verir ki, bu barədə biznesmen "The National" nəşrinə müsahibəsində bildirib.
Armstronq deyib: "Məncə, kriptovalyutanın böyümə üçün böyük potensialı var. Mən hələ də 'Bitcoin'in 2030-cu ilə qədər bir milyon dollar dəyərində olacağını düşünürəm".
"Coinbase"in rəhbərinin fikrincə, investorlar kriptovalyuta bazarındakı qısamüddətli dalğalanmalara çox diqqət yetirməməlidirlər, çünki "Bitcoin" son onilliyin ən yaxşı nəticə göstərən aktivi olaraq qalır. Armstronq əlavə edib: "Qısa müddətdə kriptovalyuta riskli aktiv kimi qəbul edilir, lakin son 10 il ərzində 'Bitcoin' ən yaxşı nəticə göstərən aktiv olub".
