Bakı. Trend:
bp "Castrol"dakı 65%-lik payını ABŞ-nin investisiya şirkəti "Stonepeak"-ə təxminən 6 milyard dollara satmağa razılaşıb.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu satış, bp-nin 20 milyard dollarlıq aktiv satışı planı çərçivəsində borcu azaltmaq və gəlirliliyi artırmaq məqsədi daşıyır.
Razılaşmaya əsasən, "Castrol"un ümumi dəyəri 10,1 milyard dollar kimi qiymətləndirilir. bp isə satışdan sonra iki illik bağlanma dövrü keçdikdən sonra payını tamamilə sata biləcək. Yeni yaradılan birgə müəssisədə bp 35% payını saxlayacaq.
Bu satış, bp-nin əsas neft və qaz biznesinə fokuslanmaq və sürtkü yağları bölməsini optimallaşdırmaq üçün atdığı mühüm addım kimi qiymətləndirilir. Şirkət satışdan əldə edilən vəsaiti borcları azaltmaq üçün istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, müqavilənin açıqlanmasından sonra bp-nin səhmləri 1%-dən çox dəyər qazanıb.
