Bakı. Trend:
Kosmik sənayelərə yönələn qlobal investisiyaların artım tendensiyasının davam etməsi gözlənilir. “Seraphim Space” şirkətinin açıqladığı məlumatlara görə, 2025-ci ildə kosmik sektora yatırımlar rekord səviyyəyə çatıb.
Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, özəl investisiyaların həcmi illik müqayisədə 48% artaraq 12,4 milyard dollar təşkil edib. Bu məbləğin 3,8 milyard dolları ilin son rübündə qeydə alınıb.
Hesabata əsasən, ABŞ ötən il 7,3 milyard dollar investisiya cəlb edərək qlobal maliyyələşdirmənin təxminən 60%-ni formalaşdırıb. Bu üstünlük əsasən Pentaqonun “Qızıl Günbəz” təşəbbüsü çərçivəsində raket buraxılış xidmətləri və müdafiə yönümlü proqramlara ayrılan böyük vəsaitlərlə əlaqələndirilir.
Avropada kosmik sektorda investisiya artımı nisbətən zəif müşahidə olunsa da, Asiyada yüksəliş davam edib. Xüsusilə Çin yerli peyk buraxılışı və istehsalını sürətləndirməsi nəticəsində sektora təxminən 2 milyard dollar həcmində töhfə verib.
Mütəxəssislər kosmik texnologiyalara qlobal investisiyaların 2026-cı ildə daha da artacağını proqnozlaşdırırlar.
