Bakı. Trend:
Qazaxıstanın yeni konstitusiyasının ilk layihəsi aidiyyəti üzrə müvafiq komissiyanın iclasında təqdim olunub. Sənədi Konstitusiya Məhkəməsi sədrinin müavini Bakıt Nurmuxanov təqdim edib.
Trend xarici KİV-ə istinadən xəbər verir.
Məhkəmənin mətbuat xidmətinin məlumatına görə, sənəd layihəsi müqəddimə, 11 bölmə və 95 maddədən ibarətdir.
2025-ci ildə ölkə prezidenti Kasım Jomart Tokayev konstitusiyaya dəyişikliklər etməklə ikipalatalı parlamentin birpalatalı parlamentə çevrilməsini təklif etmişdi. O bildirmişdi ki, islahatların müzakirəsi təxminən bir il çəkə bilər və 2027-ci ildə referendum keçirilə bilər.
2026-cı ilin yanvarında prezident həmçinin vitse-prezident vəzifəsinin təsis edilməsini, məşvərətçi orqanların islahını, konstitusiyanın müqəddiməsinin dəyişdirilməsini və digər düzəlişlərin edilməsini təklif edib. İslahatların hazırlanması məqsədilə yaradılmış konstitusiya komissiyasının üzvləri 29 yanvar tarixində keçirilən iclasda belə qənaətə gəliblər ki, ölkədə yeni əsas qanun qəbul edilməlidir, çünki dəyişikliklər mövcud konstitusiyanın 80 faizindən çoxunu ehtiva edir.
