Bakı. Trend:
2027-ci ildən etibarən Çin avtomobillərdə “gizli” qapı tutacaqlarını qadağan edəcək və bununla da “Tesla” şirkəti tərəfindən hazırlanmış bu konstruksiyadan mərhələli şəkildə imtina edən ilk ölkə olacaq.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, mobil telefon və ya əl ilə basmaqla idarə olunan gizli tutacaq konstruksiyası təhlükəsizlik baxımından potensial risklərə görə həm ABŞ-də, həm də Çində diqqət mərkəzinə düşüb.
Çinin Sənaye Nazirliyinin fevralın 3-də yaydığı məlumata görə, yeni texniki təhlükəsizlik tələblərinə uyğun olaraq, hər bir avtomobil qapısı həm xarici, həm də daxili tutacaqlarla təchiz edilməlidir.
Çinin yeni siyasəti avtomobilin xarici tərəfində qapı tutacaqlarının yerləşdirilməsi və qəza zamanı açılma imkanının təmin edilməsi üçün onların işləmə qaydaları ilə bağlı tələblər müəyyən edir. Həmin qaydalar daxili qapı tutacaqlarının aydın görünməsini də tələb edir.
