2007-ci ildən etibarən hökümət Qazaxıstan prezidentinin tapşırığına müvafiq olaraq 3 il ərzində ölkənin aqrar sektorun inkişafına ildə 1 mlrd. dollardan çox sərmayə qoymağı planlaşdırır. Bu barədə bu gün "Karaotkel-2006" Birinci milli kənd təsərrüfatı yarmarkasının açılış mərasimində Hökümət başçısı Danial Axmetov bildirib.
Trend in xəbər verdiyi kimi, Qazaxıstanın baş nazirinin sözlərinə görə, hazırda respublikanın ümumdaxili məhsul (ÜDM) strukturunda kənd təsərrüfatı məhsulunun həcmi 6%-dən artıqdır. "Əminəm ki, yüksək səviyyədə təşkil olunmuş bu sərgi Qazaxıstanın aqrar kompleksinin inkişafının parlaq göstəricisidir", - deyə D.Axmetov qeyd edib.
O xatırladıb ki, Aul illəri elan edilmiş ötən üç il ərzində kənd təsərrüfatına 200 mlrd. tenqedən artıq sərmayə qoyulub. "Hazırda aqrar sektor daha davamlıdır, lakin bu halda görülməli çox iş var", - deyə o qeyd edib. Qazaxıstanın ÜTT-yə daxil olması ilə əlaqədar sahənin rəqabət qabiliyyətini artırmaq lazımdır, "Qazaxıstanın kənd təsərrüfatı məhsulu brendinin bütün dünyada tanınması üçün maksimum səy göstərmək lazımdır", - deyə o bildirib. "2015-ci ilə qədər kənd təsərrüfatındakı istehsalın üç dəfə artmasına nail olmaq lazımdır", - deyə D.Axmetov əlavə edib.
Xəbər verildiyi kimi, Astanada açıq meydanda avqustun 4-dən 5-ə qədər QR Kənd Təsərrüfatı Nazirliyi və "Kazaqromarketinq" SC "Karaotkel-2006" Birinci milli kənd təsərrüfatı yarmarkası keçirəcək. Yarmarkanın baş sponsoru "Rostselmaş" şirkətidir. Yarmarkanın ümumi sahəsi - 6 min kv. metrdir. Yarmarkanın ilk gününün yekununda respublika müşavirəsi keçiriləcək.