Bakı. Trend:
Azərbaycanda I vitse-prezident və vitse-prezident vəzifələri yaradılması təklif olunur. Trend-in məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsində nəzərdə tutulur.
Layihədə qeyd olunur ki, 9-cu maddənin I hissəsi aşağıdakı redaksiyada verilsin:
“I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”.
Aşağıdakı məzmunda VI hissə əlavə edilir:
“VI. Fiziki və əqli qüsurları olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.”.
Aşağıdakı məzmunda V və VI hissələr əlavə edilir:
“V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”.
32-ci maddəyə aşağıdakı məzmunda VI, VII və VIII hissələr əlavə edilir:
“VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.”.
Aşağıdakı məzmunda IV hissə əlavə edilir:
“IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır.”.
58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilir:
“Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.”.
Aşağıdakı məzmunda II hissə əlavə edilir:
“II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir.”.
60-cı maddə aşağıdakı redaksiyada verilir:
“Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”.
68-ci maddədə aşağıdakı məzmunda I və IV hissələr əlavə edilir:
“I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.”;
“IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.”.
71-ci maddənin II hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:
“Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.”.
Aşağıdakı məzmunda 981-ci maddə əlavə edilir:
“Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması
Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.”
101-ci maddənin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilir və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:
“Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.”.
Aşağıdakı məzmunda 1031-ci maddə əlavə edilir:
“Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri
I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.”.
Qeyd olunur ki, 105-ci maddədə II hissədə “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə, “səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri” sözləri “müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini” sözləri ilə əvəz edilsin.
III hissə aşağıdakı redaksiyada verilir:
“III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.”;
Aşağıdakı məzmunda IV hissə əlavə edilir:
“IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.”.
Aşağıdakı məzmunda 1061-ci maddə əlavə edilir:
“Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı
I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.
II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.”.
Aşağıdakı məzmunda 1081-ci maddə əlavə edilir:
“Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.”.
Aşağıdakı məzmunda 1101-ci maddə əlavə edilir:
“Maddə 1101. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi
Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.”.
121-ci maddənin mətni aşağıdakı redaksiyada verilir:
“Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.”.
Aşağıdakı məzmunda 1461-ci maddə əlavə edilir:
“Maddə 1461. Bələdiyyələrin məsuliyyəti
Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.”.