Azərbaycan, Bakı, 17 aprel /Trend/
Hər il ənənəvi olaraq ölkəmizdə YUNESKO-nun elan etdiyi 23 aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən elan edilmiş 26 aprel - "Beynəlxalq Əqli Mülkiyyət Günü" təntənəli şəkildə qeyd olunur və bu münasibətlə Müəllif Hüquqları Agentliyinin təşəbbüsü ilə silsilə tədbirlər təşkil edilir. Cari il də bu əlamətdar günlərə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.
Cari ildə bu əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması məqsədi ilə Müəllif Hüquqları Agentliyində Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Bu çərçivədə silsilə tədbirlərin təşkil olunması, o cümlədən aprelin 21-də və 24-də iki konfransın keçirilməsi nəzərdə tutulur.
"Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"nə həsr olunmuş "Müəllif və riyakarlıq, kitab və yalan" (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda birinci konfrans aprelin 21-də keçiriləcəkdir. Tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan hüquqları və Konfliktologiya İnstitutunun Elmi işçisi Elşad Əlilinin erməni saxtakarlıqlarını ifşa edən məruzələri dinləniləcək, mövzu ətrafında müzakirələr olacaqdır.
Aprelin 24-də - "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə keçirilməsi planlaşdırılan "Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf" mövzusunda konfrans isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə əməkdaşlıqda keçiriləcək.
Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq prioritet istiqamətlər sırasına daxil edilmiş əqli mülkiyyətin inkişafının yaxın gələcək üçün müəyyən edilmiş hədəfləri və perspektivləri, həmçinin əqli mülkiyyətin müasir iqtisadiyyatda əhəmiyyəti və sənayenin inkişafındakı rolu, müəliflik hüququna əsaslanan kreativ industriyanın inkişafı məsələləri işıqlandırılacaqdır.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Təhsil Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrinin məruzə və çıxışları, həmçinin mövzu ətrafında müzakirələr olacaqdır.
Hər iki tədbir "JW Marriott Absheron Baku" Hotelinin "Şərq" zalında keçiriləcəkdir.
Qeyd olunan tədbirlərdə Nazirlər Kabinetinin, YUNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, nazirlik və komitələrin, Milli Elmlər Akademiyasının və digər dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, ali təhsil və elmi-tədqiqat müəssisələrinin rəhbərləri, yaradıcı şəxslər və digər hüquq sahibləri və media nümayəndələrinin iştirakı gözlənilir.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə ölkəmizdə silsilə tədbirlər keçiriləcək
Hər il ənənəvi olaraq ölkəmizdə YUNESKO-nun elan etdiyi 23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən elan edilmiş 26 aprel – “Beynəlxalq Əqli Mülkiyyət Günü” təntənəli şəkildə qeyd olunur və bu münasibətlə Müəllif Hüquqları Agentliyinin təşəbbüsü ilə silsilə tədbirlər təşkil edilir.