Bakı. Trend:
“Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydaları” təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Bu Qaydalar hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən, Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişin və heyət üzvləri barədə ilkin məlumatların, eləcə də sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi ilə bağlı qaydaları müəyyən edir.
Bu Qaydalar Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək bütün hava gəmilərinin uçuşlarına şamil edilir.
Bu Qaydaların məqsədləri üçün təkan metodu dedikdə hava gəmisinin istismarçısının öz informasiya sistemində toplanılmış məlumatları “bir pəncərə” sisteminə ötürdüyü elektron metod nəzərdə tutulur.
Bu Qaydalarda istifadə olunan anlayışlar Qanunda, Konvensiyada və onun əlavələrində nəzərdə tutulmuş mənaları ifadə edir.
Hava gəmilərinin istismarçıları tərəfindən sərnişinlər və heyət üzvləri barədə ilkin məlumatlar Konvensiyaya Əlavə 9-un 9.8-ci beynəlxalq standartına uyğun olaraq “Doc 9303, Maşınla oxuna bilən səyahət sənədlərinə dair Təlimat” sənədində, sərnişin adlarının qeydiyyat məlumatları isə Konvensiyaya Əlavə 9-un 9.24-cü beynəlxalq standartına uyğun olaraq “Doc 9944, Sərnişin adlarının qeydiyyat Məlumatlarına dair Təlimat” sənədi ilə müəyyən edilmiş maşınla oxuna bilən formada, eləcə də Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Ümumdünya Gömrük Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının birgə müəyyən etdiyi standartlara uyğun olaraq onların informasiya sistemlərindən “bir pəncərə” sisteminə ötürülür.
Məlumatların ötürülməsi təkan metodu vasitəsilə bu Qaydalarla müəyyən edilən müddətlərdə həyata keçirilir.
Məlumatların qəbul edilməsi, saxlanılması və Elektron Hökumət İnformasiya Sistemi üzərindən digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə təmin olunur.
Məlumatlar “bir pəncərə” sistemi vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən real vaxt rejimində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə həmin qurumların səlahiyyətləri çərçivəsində təhlillərin aparılması və tədbirlərin görülməsi məqsədilə emal olunmamış formada ötürülür.
Hava gəmilərinin istismarçıları tərəfindən “bir pəncərə” sisteminə ötürülən fərdi məlumatların əldə olunmasına qoyulan məhdudiyyətlər “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsi ilə tənzimlənir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, hava gəmisinin sərnişin və heyət üzvləri barədə ilkin məlumatların, eləcə də sərnişin adlarının qeydiyyat məlumatlarının saxlanılması və mühafizəsi “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına, həmçinin məlumatların mühafizəsi sahəsində digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
Sərnişinlər və heyət üzvləri barədə ilkin məlumatlar hava gəmisinin istismarçıları tərəfindən aşağıda qeyd edilmiş müddətlərdə “bir pəncərə” sisteminə ötürülür:
hava gəmisinin sərnişinləri barədə:
hava gəmisinin planlaşdırılmış uçuşundan 30 (otuz) dəqiqə əvvəl;
hava gəmisi uçuşa başladıqdan dərhal sonra;
hava gəmisinin heyət üzvləri barədə:
hava gəmisi uçuşa başladıqdan dərhal sonra.
Sərnişinlər və heyət üzvləri barədə ilkin məlumatların siyahısı bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən edilir.
Sərnişin adlarının qeydiyyat məlumatları hava gəmisinin istismarçıları tərəfindən aşağıda qeyd edilmiş müddətlərdə “bir pəncərə” sisteminə ötürülür:
hava gəmisinin planlaşdırılmış uçuşundan 72 (yetmiş iki) saat əvvəl;
hava gəmisinin planlaşdırılmış uçuşundan 48 (qırx səkkiz) saat əvvəl;
hava gəmisinin planlaşdırılmış uçuşundan 24 (iyirmi dörd) saat əvvəl;
hava gəmisinin planlaşdırılmış uçuşundan 12 (on iki) saat əvvəl;
hava gəmisinin planlaşdırılmış uçuşundan 1 (bir) saat əvvəl.
Sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilir.
Sərnişin və heyət üzvləri barədə ilkin məlumatların, habelə sərnişin adlarının qeydiyyat məlumatlarının verilməsi qaydalarını pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.