Bakı. Trend:
Elə dövrdəyik ki, hər bir sahədə süni intellektin gücünün verdiyi faydalara şahid oluruq. Bəs maraqlıdır, süni intellekt təhsilin inkişafı üçün nə vəd edir? Dünya praktikasından süni intellektlə bağlı hansı yenilikləri təhsil sistemində tətbiq etmək olar və əhatə darəsi nə qədər genişlənə bilər?
Mövzu ilə bağlı Trend-ə danışan təhsil eksperti, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli bildirib ki, süni intellekt texnologiyaları bu gün təkcə texnologiya və sənaye sahələrində deyil, təhsil də daxil olmaqla bir çox sahədə inqilabi dəyişikliklərə səbəb olur:
“Təhsil sistemi üçün süni intellektin verdiyi imkanlar həm fərdi öyrənmənin güclənməsi, həm də idarəetmə və təşkilati baxımından effektivliyin artırılması böyük perspektivlər vəd edir. Bu texnologiyanın tətbiqi ilə şagirdlərin və tələbələrin bilik səviyyəsi, maraqları, zəif və güclü tərəfləri sistem tərəfindən analiz olunur və onların ehtiyaclarına uyğun fərdi tədris modelləri formalaşdırılır. Belə yanaşma həm öyrənmənin keyfiyyətini artırır, həm də motivasiyanı gücləndirir.
Dünya təcrübəsi süni intellektin təhsildə uğurla tətbiq olunduğunu göstərir. Məsələn, Çin artıq milyonlarla şagirdin fərdi tədris planını süni intellektə əsaslanan sistemlərlə təmin edir. ABŞ-də müxtəlif platformalar – istər adaptiv öyrənmə, istərsə də dil öyrənmə sahəsində – bu texnologiyadan geniş şəkildə istifadə edir. Finlandiya, Sinqapur kimi qabaqcıl təhsil modellərinə malik ölkələr isə bu aləti təkcə tədrisdə deyil, həm də psixoloji müşahidələrdə, məktəb-valideyn münasibətlərinin tənzimlənməsində və idarəetmədə uğurla tətbiq edirlər”.
Ekspert qeyd edib ki, süni intellektin təhsildə əhatə dairəsi zaman keçdikcə daha da genişlənəcək.
“Ancaq bu genişlənmə sadəcə texniki baxımdan deyil, həm də etik, pedaqoji və milli dəyərlər baxımından nəzərəçarpacaq bir məsələdir. Bu texnologiyanın imkanları nə qədər böyük olsa da, müəllim amili hələ də dəyişməz qalacaq. Çünki süni intellekt müəllimi əvəz etməyə deyil, onun fəaliyyətini asanlaşdırmağa, daha yaradıcı və strateji düşünməyə imkan yaradır. Belə bir dövrdə əsas məqsədimiz süni intellektdən qorxmaq yox, onu düzgün öyrənmək, tənzimləmək və milli təhsil strategiyalarımıza uyğun şəkildə tətbiq etmək olmalıdır.
Sonda onu da vurğulamaq istərdim ki, süni intellektdən faydalanmaq üçün təkcə texnologiya yox, həm də vizion lazımdır. Bu vizion isə insan kapitalına, müəllimin inkişafına, təhsil idarəçiliyinin çevikliyinə və şagirdlərin yaradıcı düşüncəsinin dəstəklənməsinə əsaslanmalıdır. Texnologiya bir vasitədir. Onu uğurlu edən isə onu düzgün istifadə edən insan amilidir”,- deyə Ə.Həsənli əlavə edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə mövzu ilə bağlı Trend-ə bildirib ki, süni intellektin təhsil sahəsində tətbiqi artıq inkişaf etmiş ölkələrdə təkcə texnoloji yenilik deyil, strateji təhsil siyasətinin mühüm istiqamətinə çevrilib:
“Ənənəvi tədris yanaşmaları ilə texnologiya əsaslı təhsil arasında fərq yalnız metodlarda deyil, nəticələrin keyfiyyətində və sürətində də özünü göstərir. Ənənəvi sinifdə müəllimin fərdi şagirdə fokuslanma imkanı son dərəcə məhduddur, halbuki süni intellekt alqoritmləri bu işi saniyələr içində edə, fərdi tədris planları hazırlaya, zəiflikləri aşkar edə və nəticə yönümlü müdaxilə edə bilir. Bu baxımdan, süni intellektin təhsildə tətbiqi həm tədris prosesinin fərdiləşdirilməsi, həm idarəetmə sisteminin optimallaşdırılması, həm də sosial bərabərliyin dəstəklənməsi baxımından ciddi dönüş nöqtəsidir.
Təhsil sahəsində süni intellektin tətbiqi ilk növbədə fərdiləşdirilmiş tədris imkanları ilə diqqət çəkir. Məsələn, ABŞ-də tətbiq olunan “Carnegie Learning” platforması riyaziyyat fənni üzrə şagirdlərin hər bir cavabını təhlil edir və ona uyğun çətinlik səviyyəsində yeni tapşırıq təqdim edir. Çin isə “Squirrel AI” sistemi ilə hər bir şagirdin davranışını, cavab sürətini, zəif mövzularını təhlil edərək adaptiv tədris modelləri qurur. Bu cür sistemlər müəllimin fiziki olaraq çatdıra bilmədiyi fərdi dəstəyi avtomatlaşdırır və kütləvi təhsildə fərdi yanaşmanı mümkün edir. Eyni zamanda Sinqapur və Cənubi Koreya kimi ölkələr süni intellekti yalnız şagird yönümlü deyil, həm də idarəetmə və tədris yükünün optimallaşdırılması üçün istifadə edir. Müəllimlərə dərs planları, qiymətləndirmə meyarları və sinif performansına dair statistik hesabatlar təqdim edən sistemlər artıq geniş tətbiq olunur”.
K.Əsədov qeyd edib ki, statistik göstəricilər bu texnologiyanın nəticələrini təsdiqləyir:
“2023-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən aparılan araşdırmaya əsasən, süni intellektin istifadə olunduğu məktəblərdə şagirdlərin STEM fənləri üzrə nəticələri 14% yüksəlmişdir. Digər bir araşdırmada isə bu texnologiyanın tətbiqi nəticəsində müəllimlərin dərsə hazırlıq və qiymətləndirməyə sərf etdiyi vaxt 30%-ə qədər azalıb. Bu isə müəllimin daha çox yaradıcı və pedaqoji fəaliyyətə fokuslanmasına imkan verir.
Müsbət tərəflərlə yanaşı, süni intellektin təhsildə tətbiqi bir sıra risk və mənfi halları da gündəmə gətirir. Birincisi, texnoloji bərabərsizlik – bütün şagirdlərin texnologiyaya çıxışı bərabər deyil. Xüsusilə kənd məktəblərində internet və cihaz çatışmazlığı bu sistemlərdən effektiv istifadəni mümkünsüz edir. İkincisi, etika və məxfilik – süni intellekt platformaları şagirdlərin şəxsi məlumatlarını toplayır və bu, məlumatların təhlükəsizliyi və istifadəsi baxımından ciddi suallar doğurur. Üçüncüsü, müəllimin rolu – bəzi hallarda süni intellektin geniş tətbiqi müəllimlərin rolunun azaldılması təhlükəsi yaradır və pedaqoji münasibətlərin sıradan çıxmasına səbəb ola bilər. Yəni texnologiyanın yerinə müəllimi deyil, müəllimin yanında texnologiyanı düşünmək lazımdır”.
“Azərbaycan təhsil sistemində isə süni intellektin tətbiqi hələ başlanğıc mərhələsindədir. Hal-hazırda elektron jurnal, qiymətləndirmə sistemləri, bəzi platformalarda (məsələn, otm.az, e-dərs, video.derslik.az) məhdud formada tətbiq olunan alqoritmlər mövcuddur. Lakin bu sistemlər yalnız avtomatlaşdırma səviyyəsindədir, yəni tədrisin strukturuna dərin inteqrasiya olunmayıb. Nə dövlət strategiyalarında, nə də qanunvericilikdə süni intellektin təhsil sahəsində istifadəsini tənzimləyən konkret çərçivə yoxdur. “Təhsil haqqında” Qanunun 2009-cu il versiyasında texnologiyanın tətbiqi yalnız ümumi prinsip kimi qeyd olunur, amma süni intellektə dair konkret mexanizm, məsuliyyət və normativ baza hələlik yoxdur. Bu isə həm texniki, həm hüquqi, həm də etik risklərin qarşısının alınmasını çətinləşdirir”, - o əlavə edib.
O eyni zamanda qeyd edib ki, gələcəkdə süni intellektin tətbiqi ilə təhsil sistemində bir sıra dəyişikliklər baş verəcək:
“Şagirdin bilik və bacarıqları yalnız test nəticəsi ilə deyil, davranış modeli, mövzu üzrə cavab dərinliyi, interaktiv fəaliyyətləri ilə ölçüləcək. Müəllimlərin fəaliyyətinə dair hesabatlar daha obyektiv və nəticə yönümlü olacaq. Tədris planları regional və lokal ehtiyaclara uyğun şəkildə, data əsaslı şəkildə yenilənəcək. Bu isə sistemli, fərdiləşdirilmiş və ədalətli təhsil modelinin formalaşmasına təkan verəcək. Lakin bu dönüş yalnız texnologiyanın gətirilməsi ilə deyil, eyni zamanda müəllimlərin, idarəedicilərin və cəmiyyətin texnoloji savadlılığı ilə mümkündür.
Buna görə də, süni intellektin təhsildə uğurlu tətbiqi üçün ilk növbədə hüquqi bazanın təkmilləşdirilməsi, texnoloji infrastruktura bərabər çıxışın təmin olunması, müəllimlərin bu texnologiyalarla işləmək bacarığının artırılması və etik standartların müəyyənləşdirilməsi prioritet sahələr olmalıdır. Əgər bu amillər balanslı şəkildə nəzərə alınarsa, süni intellekt təkcə texnoloji yenilik deyil, həm də təhsil sisteminin keyfiyyət və ədalət meyarlarına uyğun transformasiyası üçün mühüm alətə çevriləcək”.