Bakı. Trend:
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yevlaxda planlaşdırılan daha bir çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı işlərə start verir.
Trend-in əldə etdiyi məlumata görə, bu dəfə agentlik tərəfindən yeni yaşayış binaları rayonun R.Budaqov küçəsi 1 ünvanında, 1,9 ha torpaq sahəsində inşa ediləcək.
Artıq sözügedən işlərlə əlaqədar olaraq MİDA mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işlərini görəcək şirkəti də müəyyənləşdirib.
Belə ki, MİDA sözügedən işləri "Enerji Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 5,3 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu "Enerji Qrup" MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Nəsibov Xəyal Balaisa oğludur.