...

Brüssel Ankara və Bakıya "türkdilli problem" yaratmaq istəyir

Siyasət Analytics 10 Aprel 2025 11:33 (UTC +04:00)
Brüssel Ankara və Bakıya "türkdilli problem" yaratmaq istəyir
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Səmərqənddə ötən həftə keçirilmiş "Avropa İttifaqı - Mərkəzi Asiya" zirvə toplantısı Avrasiya geosiyasətinin inkişafında mühüm mərhələ oldu. Ukraynada davam edən müharibənin doğurduğu tektonik dəyişikliklər, Rusiya təsirinin postsovet məkanında zəifləməsi, Çin və Türkiyənin mövqelərinin güclənməsi, Mərkəzi Asiyanın geoiqtisadi əhəmiyyətinin artması fonunda Avropa diplomatiyası zahirən əhəmiyyətli uğura nail oldu.

Fəqət 13,5 milyard avro dəyərində sərmayə razılaşmaları və Transxəzər dəhlizinin inkişafına dair bəyanatların kölgəsində qalan bir detal Ankara və Bakının narahatlığına səbəb oldu - yekun bəyannamənin 4-cü bəndi...

Sözügedən bənd BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə sadiqlik ifadə edir və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqilliyini tanımamağın "labüdlüyü və zəruriliyi"ni təsdiqləyir.

Türkiyə və Azərbaycanın xarici siyasət strategiyaları türkdilli ölkələrin institutlaşması və türk dünyasını gücləndirilməsi ilə sıx bağlı olduğuna görə bu diplomatik gediş təhlükəli siqnal kimi qiymətləndirilir.

Mərkəzi Asiya bu gün dörd əsas qüvvə vektorunun kəsişdiyi bir regiondur. Belə ki, Avropa İttifaqı sərmayə, yaşıl transformasiya və nəqliyyat inteqrasiyası (Global Gateway, Critical Raw Materials Act) təklif edir. Çin "Bir kəmər, bir yol" təşəbbüsünü (BRI) irəli sürür, artıq bölgəyə 50 milyard dollardan çox sərmayə qoyub. Rusiya sürətlə təsirini itirir, lakin dil-mədəniyyət və hərbi-strateji sahələrdə qalmaqda davam edir. Türkiyə türk mədəni-sivilizasion birliyi təklif edir və Çin-Rusiya alternativinə çevrilir.

Bu çoxvektorlu, sərt rəqabət şəraitində Mərkəzi Asiya ölkələri öz tərəfdaşlıqlarını şaxələndirməyə çalışırlar. Səmərqənd sammiti göstərdi ki, Aİ bölgəyə iqtisadi tərəfdaşlıq əvəzində simvolik xarakter daşıyan “Kipr bəndi”ni qəbul etdirməklə diplomatik "çəngəl" qura bildi və Avropanın cənub cinahına dəstəyini rəsmiləşdirdi.

BMT Təhlükəsizlik Şurasının 541 (1983) və 550 (1984) saylı qətnamələri Kipr münaqişəsi ilə bağlı ən qədim və mübahisəli sənədlərdəndir. 541-ci qətnamə ŞKTC-nin müstəqilliyini pisləyir, ölkələrə onu tanımamağı tövsiyə edir, 500-ci qətnamə isə Türkiyə ordusunun Varoşa və digər ərazilərdən çıxmasını tələb edir və Ankaraya təzyiqləri artırır.

Məzkur qətnamələrin Səmərqənd bəyannaməsinə daxil edilməsi formal diplomatik mövqenin - yunan Kipr Respublikasının lehinə - təsdiqi kimi təqdim olunur. Amma bu, yalnız zahiri formalizmdir.

Əslində isə Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan ölkələr - xüsusilə Qazaxıstan, Özbəkistan və Qırğızıstan - bu bəndi imzalamaqla təşkilatın strateji istiqamətinə zidd getmiş oldular. Xatırladaq ki, TDT 2021-ci ildə ŞKTC-ni müşahidəçi statusu ilə qəbul etmişdi. Bundan əlavə, ŞKTC prezidenti Ersin Tatar 2024-cü ildə Şuşada keçirilən qeyri-rəsmi TDT zirvəsində iştirak etmiş və bu, Türkiyə və Azərbaycan üçün simvolik önəm daşıyan diplomatik addım olmuşdu.

Göründüyü kimi, Səmərqəndin “Kipr formulu” iqtisadi inteqrasiyaya ehtiyac ilə Türkiyə ilə dostluq münasibətlərini qorumaq arasındakı tarazlığı saxlamağa çalışan Mərkəzi Asiyanın geosiyasi kompromisidir.

2017-ci ildə Krans-Montana danışıqlarının uğursuzluğundan sonra Türkiyə federativ Kipr ideyasından imtina etdi və ŞKTC-nin müstəqil dövlət kimi beynəlxalq tanınması strategiyasına keçdi. Bu strategiyanın əsas istiqamətləri isə ŞKTC-nin türk dünyasının qurumlarına (TDT, TÜRKSOY, parlament assambleyası) inteqrasiyası, “İki bərabərhüquqlu dövlət” tezisinin təşviqi, İqtisadi inteqrasiya (ŞKTC-yə enerji, su və subsidiyaların ötürülməsi) və "yumşaq güc"dür ( təhsil, mədəniyyət və dini proqramlarla təsir imkanlarının artırılması).

Fəqət Səmərqənd sammitindən sonra Türkiyə üçün sarsıdıcı həqiqət üzə çıxdı - onun ən yaxın mədəni tərəfdaşları Kipr məsələsində diplomatik məsafə saxladılar.

Bu zərbə bir sıra ölkələrin konkret addımları ilə daha da gücləndi. Belə ki, Qazaxıstan 2023-cü ildə Kipr Respublikası ilə dialoqu bərpa etdi, diplomatik əlaqələri fəallaşdırdı və qeyri-rezident səfir təyin etdi. Özbəkistan 2024-cü ildə Kiprdə (İtaliyadakı səfirliyi vasitəsilə) səfirini akkreditasiya etdi və bu statusu 2025-ci ilin yazında təsdiqlədi. Neytral mövqedə olan Türkmənistan (!) belə Kipr Respublikası ilə diplomatik məsləhətləşmələrə başladı.

Bu addımlar Aİ ilə koordinasiyalı şəkildə atılmış və Brüsselin Kipr xəttinin gücləndirilməsinə xidmət etmişdi. Bu, strateji dəyişikliyin göstəricisidir: Mərkəzi Asiya ölkələri Avropa texnologiyaları, sərmayələri və enerji bazarlarına çıxış müqabilində Türkiyənin regiondakı mövqeyini balanslaşdırmağa hazır olduqlarını nümayiş etdirirlər.

Azərbaycan üçün isə bu proses daha dərindən narahatedici siqnallar verir. Bakı türk həmrəyliyini prinsipial şəkildə dəstəkləyir, o cümlədən ŞKTC ilə bağlı məsələlərdə. Prezident Tatarın Şuşa sammitində iştirakı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş və Ermənistan-Yunanıstan ittifaqları, Avropa İttifaqındakı Ankara əleyhdarlığına cavab olaraq böyük simvolik məna daşıyırdı.

İndisə, TDT üzvləri - o cümlədən Azərbaycanın əsas iqtisadi tərəfdaşları - ŞKTC-yə qarşı mövqe ortaya qoyduqda, türk dünyasında birlik ideyasının əsasları sual altına düşə bilər, xüsusilə də beynəlxalq tanınma, diplomatik münasibətlər və münaqişəli zonalar kimi həssas məsələlərdə.

Bu, Bakı üçün aşağıdakı mənalara gələ bilər:

1.Türk inteqrasiyasının davamlılığı yalnız mədəni bağlılığa deyil, iqtisadi motivlərə də söykənməlidir;

2. Türkiyə ilə strateji alyansı daha da dərinləşdirmək zəruridir, Aİ-dən kənar alternativ platformalar yaradılmalıdır (enerji ittifaqı, TDT-nin rəqəmsal platforması və s.);

3. Cənubi Avropada, xüsusən Kipr daxil olmaqla, aktiv diplomatiya aparılmalı, Ermənistanın Avropadakı dəstəyi minimuma endirilməlidir.

Avropa Komissiyasının məlumatına əsasən, "Global Gateway" təşəbbüsü çərçivəsində 2027-ci ilə qədər Mərkəzi Asiyaya 20 milyard avroya qədər sərmayə qoyulması planlaşdırılır, bunun 13,5 milyard avrosu artıq Səmərqənddə vəd olunub. Əsas layihələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR), Qazaxıstan, Özbəkistan və Qırğızıstanda nadir torpaq elementlərinin hasilatı, hidrogen energetikası və yaşıl texnologiyaların inkişafıdır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) məlumatına görə, 2022–2024-cü illərdə Avropa sərmayələrinin həcmi Qazaxıstana 3,9 milyard ABŞ dolları, Özbəkistana isə 2,2 milyard dollar olub. Avropa İttifaqı isə əvəzində yalnız iqtisadi loyalıq yox, həm də diplomatik dəstək - o cümlədən BMT-də səsvermələrdə uyğun mövqe gözləyir. Bu mənada Səmərqənd bəyannaməsindəki "Kipr bəndi" Avropa kapitalına və bazarlarına çıxışın qiyməti kimi qəbul olunur - və Mərkəzi Asiya ölkələri bu qiyməti ödəməyə hazırdırlar.

Səmərqənddəki "Kipr bəndi" ətrafında yaranmış vəziyyət Çin və Rusiya üçün də əhəmiyyət kəsb edir. Hər iki dövlət Mərkəzi Asiyada təsir uğrunda rəqabət aparır. Zirvədə nə Pekin, nə də Moskva birbaşa iştirak etsə də, bu regionda onların maraqlarına dolayı şəkildə toxunuldu, xüsusilə də Türkiyə ilə mədəni, iqtisadi və strateji sahələrdə gedən rəqabət kontekstində.

Çinin Kipr məsələsinə münasibəti BMT xəttinə tam uyğundur - rəsmi Pekin ŞKTC-ni tanımır və Kipr Respublikasının ərazi bütövlüyünü dəstəkləyir. Bu, Çinlə Aİ-ni bu məsələdə təbii müttəfiqlərə çevirir, baxmayaraq ki, onlar Mərkəzi Asiyada sistemli rəqibdirlər.

Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankının məlumatlarına görə, Çin Mərkəzi Asiyada nəqliyyat qovşaqları, neft və qaz kəmərləri, su elektrik stansiyaları, eləcə də təhsil və rəqəmsal layihələr daxil olmaqla, 60 milyard dollardan çox sərmayə qoyub. Türkiyədən fərqli olaraq, hansı ki, özünü identiklik üzərindən qurur, Çin iqtisadi əsaslara söykənir.

Bu səbəbdən türk konsolidasiyasının zəifləməsi Çin üçün əlverişli şərait yaradır - Pekin özünü sabit, neytral və praqmatik tərəfdaş kimi təqdim edə bilər, hansı ki, siyasi münaqişələrə (Kipr, Qarabağ, Tayvan) qarışmır.

Rusiya üçün türk blokundakı hər hansı fikir ayrılığı sərfəli məqamdır. Geosiyasi təcrid və sanksiyalarla üzləşən Moskva Türkiyənin dominant olduğu alternativ alyansları - istər Cənubi Qafqazda, istərsə də Mərkəzi Asiyada - zəiflətməyə çalışır.

Türk birliyinin zəifləməsi və TDT-də diplomatik parçalanma Rusiyaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və birbaşa enerji sazişləri vasitəsilə təsir imkanlarını bərpa etmək üçün fürsətlər yaradır. Bundan başqa, Rusiya beynəlxalq institutlarda Kipr məsələsini manipulyasiya edərək Brüsselin xəttini dəstəkləyə və türk alyansları arasında parçalanma yarada bilər - bu da XXI əsr real siyasətinə uyğun taktikadır.

Türkiyənin Kipr məsələsi üzrə təşəbbüslərinin diplomatik şəkildə məhdudlaşdırılması, Azərbaycanın isə türk inteqrasiyasının gələcəyi ilə bağlı narahatedici siqnallar alması fonunda, hər iki dövlətin kompleks, proaktiv və strateji koordinasiyalı cavab strategiyasına ehtiyacı var. Belə strategiyanın mümkün istiqamətlərinə nəzər salaq:

1. Türk dünyasının institusional hüquqi bazasının yaradılması. Türk dövlətləri arasında daxili siyasi münaqişələrə müdaxilə edilməməsi prinsipini rəsmiləşdirən alternativ bəyannamə və ya "Türk Həmrəyliyi Xartiyası" qəbul edilə bilər. Bu sənəd Kipr və Qarabağ kimi həssas məsələlərdə Avropa təzyiqlərinə qarşı diplomatik bufer rolunu oynaya bilər.

2. Türkiyə–Azərbaycan enerji alyansı: iqtisadi nüvənin qurulması. Bakıda və ya Ankarada yerləşəcək "Türk Enerji Alyansı" formatı yaradılarsa, bu, TDT ölkələri arasında iqtisadi koordinasiyanı gücləndirə və inteqrasiyanı simvolik mədəni birlikdən real iqtisadi ittifaqa çevirə bilər. Bu, xüsusilə Avropanın "yaşıl" dönüş planları və enerji böhranı fonunda aktuallaşır.

3. Cənubi Avropa ilə dialoq: diplomatik şaxələndirmə. Ankara və Bakı Yunanıstan və Kipr ilə birbaşa danışıqlara başlayaraq "ikinci səviyyəli diplomatiya" (analitik mərkəzlər, biznes forumlar, mədəniyyət proqramları) vasitəsilə qarşılıqlı inamsızlığın azalmasına, Aİ daxilində yunan mövqeyi ətrafında birliyi zəiflədilməsinə, habelə ŞKTC-nin təcrid olunması riskini alternativ kanallarla neytrallaşdıra bilər.

4. Gənclik və yumşaq güc strategiyası. Təsir imkanları baxımından hələ də az istifadə olunan resurslar mövcuddur: təhsil proqramları, tələbə mübadiləsi, mədəniyyət mərkəzləri və onlayn platformalar. Türkiyə və Azərbaycan türklük identikliyini XXI əsrin yumşaq güc alətinə çevirə bilərlər - bu da rəsmi diplomatiyadan deyil, mədəniyyət və texnologiya vasitəsilə sədaqət formalaşdırmaq deməkdir.

... Səmərqənddə yaşanan olaylar göstərdi ki, Aİ-nin diplomatiyası Mərkəzi Asiyada yeni, daha dərin, daha məzmunlu və ticarət-iqtisadi razılaşmalara siyasi-identik komponentləri daxil etmə bacarığı ilə fərqlənən bir mərhələyə qədəm qoyub. Ancaq uzunmüddətli perspektivdə bu kursun davamlı olacağı təmin olunmur, çünki Aİ Türkiyədən fərqli olaraq struktur təhlükəsizlik təklif etməyə hazır deyil, Çin və Türkiyə “həssas məsələlər” üzrə şərt qoymayan paralel inkişaf modelləri təqdim edirlər və ən nəhayət, Kipr məsələsi, xüsusilə Şərqi Aralıq dənizində Türkiyə donanmasının aktivləşməsi fonunda, yenidən eskalasiya mərhələsinə keçə bilər.

Beləliklə, bəyannamədəki "Kipr bəndi" final deyil, əksinə, diplomatik qarşıdurmanın yeni başlanğıc nöqtəsidir. Bu mübarizədə Türkiyə və Azərbaycan çeviklik, dözümlülük və yaradıcılıq nümayiş etdirməli olacaqlar.

Ümumiyyətlə isə, Aİ - Mərkəzi Asiya sammiti türk dövlətləri üçün subyektivlik imtahanı oldu. ŞKTC-yə qarşı qətnamələrin yekun sənədə daxil edilməsi türk birliyi ritorikası ilə beynəlxalq siyasətin reallıqları arasındakı ziddiyyətləri üzə çıxardı.

Bu, Türkiyə və Azərbaycan üçün türk əməkdaşlığının arxitekturasını yenidən düşünmək, Aİ və NATO-nun təzyiqlərindən asılı olmayaraq çoxqütblü alyanslar qurmaq və ən başlıcası - türk məkanının iqtisadi və institusional dayanıqlığını gücləndirmək üçün çağırış olmalıdır.

Məhz bu konfiqurasiyada regional loyalıqla qlobal elastiklik arasında tarazlığı qorumaq mümkündür - və hazırda Mərkəzi Asiya ölkələrinin getdikcə daha fəal şəkildə istifadə etdiyi strategiya da məhz budur.

Xəbər lenti

Xəbər lenti