Bakı. Trend:
Martın 2-də keçirilmiş buraxılış imtahanın iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu imtahanda iştirakı nəzərdə tutulan 57439 nəfərdən 468 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfərin nəticəsi ləğv olunub.
Qeyd edilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 14‑16 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.