Bakı. Trend:
Ağstafada məktəbli yoldaşı tərəfindən bıçaqlanan şagirdin vəziyyəti məlum olub.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 09.04.2025-ci il tarixində saat 12:40 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) sol budun aşağı 1/3 hissəsinin kəsilmiş-deşilmiş yarası ilə hospitalizasiya edilib.
"Pasiyentə zəruri tibbi yardım göstərilib, cərrahın baxışından sonra saat 14:40 radələrində ambulator müalicə üçün evə buraxılıb",- qurumdan əlavə edilib.
Qeyd edək ki, 09 aprel tarixində tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir