Bakı. Trend:
Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə 10.04.2025-ci il tarixində saat 15:10 radələrində 2 nəfər (1 kişi cinsli, 1 qadın cinsli) hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
"1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir",- deyə əlavə edilib.
Qeyd edək ki, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır yol qəzası baş verib. Yüksək sürətlə hərəkət edən taksi xidmətində istifadə olunan avtomobil film səhnələrindəki kimi bir yoldan digər yola "uçaraq" keçib.Qəzadan sonra avtomobil yolunda sıxlıq yaranıb. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarının gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.