...

Regionlarda yeni peşə mərkəzləri istifadəyə veriləcək

Cəmiyyət Materials 29 İyul 2015 21:30 (UTC +04:00)
Yaxın zamanlarda regionlarda Avropa standartlarına cavab verən peşə mərkəzləri istifadəyə veriləcək.
Regionlarda yeni peşə mərkəzləri istifadəyə veriləcək

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Elmir Murad/

Yaxın zamanlarda regionlarda Avropa standartlarına cavab verən peşə mərkəzləri istifadəyə veriləcək. Bunu Trend-ə açıqlamasında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xəlilov bildirib.

Onun sözlərinə görə, fəaliyyətə başlayacaq mərkəzlərdə tədris üçün bütün strukturlar qurulacaq. Bu istiqamətdə işlərin artıq yekunlaşdığını qeyd edən Ş.Xəlilov atılan addımın peşə sisteminin inkişafına səbəb olacağını hesab edir: "Göyçay rayonunda mərkəzin təmiri başa çatır. Gəncədə yeni peşə mərkəzi təmir olunub bitmək üzrədir. Digər regionlarda da peşə tədrisi mərkəzlərinin yaradılması istiqamətində işlər aparılır. Mərkəzlərdə hər bir şəraiti olan yataqxanalar tikilib. Mərkəzlər hər cür sturkturla təmin olunan kabinələrdən ibarət olacaq. Eyni zamanda, yeni modullar çap olunaraq tədris mərkəzlərinə paylanılacaq".

Mərkəzlərdə 80-ə yaxın peşənin tədris olunacağını qeyd edən Ş.Xəlilov bunun bir neçə ilə həyata keçiriləcəyini vurğulayıb: "Əsasən qaynaqçı, saç ustası, ofisiantlıq, satıcılıq peşələri tədris olunacaq. Bu proqram Dünya Bankının tövsiyələri əsasında həyata keçirilir. Bu təcrübə Sovet dönəmində də mövcud idi. İndi biz həmin dönəmdə qurulan mərkəzləri yenidən bərpa edir və bu sahənin dirçəlməsinə çalışırıq".

Bir müddət əvvəl Bakıda da sözügedən mərkəzin təmir olunaraq istifadəyə verildiyini deyən rəis müavini düşünür ki, peşə məktəblərinin inkişaf etdirilməsi çox vacibdir. Ş.Xəlilov vəziyyəti hazırda bu sahənin zəif olması ilə izah edir: "Peşə sisteminə maraq bu gün zəifdir. Bizdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən bu sahədə geniş iş aparılır. Düşünürəm ki, yaxın gələcəkdə müəyyən inkişafa naiil olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti