...

Azərbaycanda zorakılığa məruz qalan şəxslərə mühafizə orderlərinin verilməsi halları artıb

Cəmiyyət Materials 25 Mart 2016 08:09 (UTC +04:00)
Ötən il Azərbaycanda zorakılığa məruz qalan 6 nəfərə uzun müddətli mühafizə orderləri verilib.
Azərbaycanda zorakılığa məruz qalan şəxslərə mühafizə orderlərinin verilməsi halları artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il Azərbaycanda zorakılığa məruz qalan 6 nəfərə uzun müddətli mühafizə orderləri verilib.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, məişət zorakılığı ilə əlaqədar uzun müddətli mühafizə orderlərinin verilməsi məsələsinə hər il baxılır. Adətən, hər il mühafizə orderlərinin verilməsi ilə bağlı 3, ya 4 fakt qeydə alınırdı.

E.Səfərov deyib ki, əvvəlki illərdən fərqli olaraq, 2015-ci ildə uzun müddətli mühafizə orderləri verilən şəxslərin sayı artıb.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Trend-ə bildirib ki, qısa müddətli mühafizə orderləri (30 günədək) rayon icra hakimiyyətləri, uzun müddətli mühafizə orderləri (30 gündən - 180 günədək) isə məhkəmələr tərəfindən zorakılığa məruz qalan şəxslərə verilir.

İndiyədək bu mühafizə orderlərinin yalnız qadınlara verildiyini deyən A.Sofiyevanın sözlərinə görə, mühafizə orderinin verilməsi ilə yanaşı, həmin ailələrlə profilaktik iş aparılmalı və münaqişəli ailələr rayon icra hakimiyyətləri və rayon polis orqanları tərəfindən qeydiyyata götürülməlidir. Mühafizə orderi verildikdə zorakılıq törədən şəxsin zərərçəkən şəxsə yaxınlaşmasına və yenidən ona qarşı zorakılıq törətməsinə icazə verilmir. Zorakılıq törədən şəxs mühafizə orderi verilməsi haqqında qərarı icra etmədikdə məsuliyyətə cəlb edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti