...

Komitə: Ailə münaqişələri daha çox rayonlardakı böyük ailələrdə baş verir

Cəmiyyət Materials 21 Aprel 2016 14:29 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə bu ilin ilk 3 ayında ailə münaqişələri ilə bağlı 21 müraciət daxil olub.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva deyib.

Komitə rəsmisi qeyd edib ki, ailə münaqişəsi ilə bağlı müraciətlərin sayında hər il artım müşahidə edilməsə də, bu problem var.

Hazırda ailə münaqişələrinin komitə üçün əsas problemlərdən biri olduğunu deyən C.Rəhmətullayeva qeyd edib ki, mərkəzlərə indiyədək daxil olan müraciətlərdən ailə münaqişələrinin daha çox rayonlardakı böyük ailələrdə baş verdiyi aydın olub: "Bəzən böyük bir ailənin daxilində kiçik ailələr olur. Ailə münaqişələri də daha çox belə ailələrdə yaranır".

C.Rəhmətullayeva qeyd edib ki, iqtisadi məsələ də ailə münaqişələrinin yaranmasında önəmli rol oynayır: "Əgər ailədə işləyənlərin sayı azdırsa, yaxud qadına işləməyə icazə verilmirsə, bu, artıq hardasa münaqişəyə yol açır. Digər tərəfdən, böyük ailələr bir-birindən asılı vəziyyətdə yaşayırlar. Bəzən valideynlər bu ailələrin sərbəst olmasına icazə vermirlər, onları öz təsirləri altında saxlayırlar. Belə ailələrdə də ailə münaqişələri daha çox olur. Kiçik münaqişələr isə sonradan böyüyərək məişət zorakılığı ilə nəticələnir".

C.Rəhmətullayeva qeyd edib ki, münaqişələrdən qadınlar və uşaqlar daha çox zərər görürlər. Bu məsələdə uşaqlar hətta qadınlardan da çox əziyyət çəkirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti