Аzərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir H. Vəliyev/
Hazırda Azərbaycan 106 dollar təşkil edən baza pensiyasının səviyyəsinə görə, MDB-də ikinci yeri tutur. Bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, Qazaxıstanda əmək pensiyasının baza hissəsi 124,2 dollar, Rusiyada 90,2 dollar, Belarusda 82,1 dollar təşkil edir.
"İyulun 1-nə olan məlumatlara görə, Azərbaycanda təqaüdçülərin sayı 1 291 139 nəfər təşkil edib, ilin sonuna qədər isə bu rəqəm 1,38 milyona çatacaq", - Müslümov deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2010-cu il sentyabrın 1-dən etibarən, minimum aylıq əməkhaqqı 85 manat, əmək pensiyasının baza hissəsinin məbləği isə 85 manat müəyyən edilib.
2010-cu ilin birinci yarımili ərzində fondun gəlirləri 824 milyon manatdan çox olub ki, bu da 2009-cu ilin analoji yanvar-iyul göstəricisindən 65 milyon manat çoxdur.