...

Bakı Musiqi Akademiyasında Zöhrab Adıgözəlzadə ilə vida mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 25 May 2012 14:26 (UTC +04:00)
Bakı Musiqi Akademiyasında cümə günü xalq artisti, professor, pianoçu Zöhrab Adıgözəlzadə ilə vida mərasimi keçirilib.
Bakı Musiqi Akademiyasında Zöhrab Adıgözəlzadə ilə vida mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 may / Trend müxbir M.Əliyev/

Bakı Musiqi Akademiyasında cümə günü xalq artisti, professor, pianoçu Zöhrab Adıgözəlzadə ilə vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərhumun oğlu Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə jurnalistlərə bildirib ki, Azərbaycan bəstəkarları Zöhrab Adıgözəlzadəni çox sevirdi. Onun əsərlərini bir çox böyük sənətkarlar ifa edib. O qeyd edib ki, mərhum həyatının son 22 ilini Türkiyədə yaşayıb.

Vida mərasimində çıxış edən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Adıgözəlzadənin gözəl musiqiçi, ailə başçısı, əsl azərbaycanlı olduğunu deyib. Onun sözlərinə görə, bəstəkar Türkiyədə yaşadığı dövrdə Azərbaycan incəsənətini çox yüksək səviyyədə təmsil edib.

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bildirib ki, Adıgözəlzadə həm unudulmaz bəstəkar, həm gözəl pedaqoq, həm də Azərbaycan fortopiano ifaçılıq sənətinə öz töhfəsini vermiş böyük sənətkar olub. O qeyd edib ki, Adıgözəlzadənin ölümü Azərbaycan mədəniyyəti üçün böyük itkidir.

Azərbaycan Bəsətəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib ki, Adıgözəlzadə Türkiyədə böyük piano məktəbi yaradıb, ondan əvvəl isə Azərbaycanda çox istedadlı pianoçular yetişdirib.

Mərhumun çalışdığı Əskişəhər Anadolu Universitetinin nümayəndəsi mərasim zamanı çıxışında bildirib ki, Adıgözəlzadəni Zöhrab xoca adı ilə bütün ali məktəb tanıyırdı və o, hər zaman onların qəlbində yaşayacaq.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərhum bu gün Yasamal qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunacaq.

Azərbaycanın xalq artisti, professor, pianoçu Zöhrab Adıgözəlzadə mayın 24-də səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xəbər lenti

Xəbər lenti