Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Çexiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.
"Çexiya üçün dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi olduqca vacib amildir. Dağlıq Qarabağ münaqişəsi çox ciddi problemdir. Hesab edirəm ki, hər bir münaqişə sülh yolu ilə həll olunmalıdır. Hərbi müdaxilə daha böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də bu münaqişə də sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu siyasət dəyişməyəcək", - Trend -un məlumatına görə, bunu cümə axşamı Bakıda Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədovla görüşündə Çexiya Senatının sədri Prşemısl Sobotka bildirib.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Çexiya Senatının sədri Sobotka ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib. "Parlamentlər böyük siyasətdə səmərəli rol oynayırlar. Odur ki, parlamentlərarası münasibətlərimizin inkişafı hər iki tərəfin xeyrinədir", - Sobotka vurğulayıb.
Onun sözlərinə görə, ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar var. "Mənimlə Azərbaycana gələn iş adamları azərbaycanlı həmkarları ilə geniş iş birliyi yaratmaq niyyətindədirlər", - Senat sədri qeyd edib.
MM sədri Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib, rəsmi Bakının bu məsələdəki ədalətli mövqeyini diqqətə çatdırib. "BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qətnamələr qəbul etsələr də, təcavüzkar Ermənistan həmin sənədlərə məhəl qoymur", - Əsədov deyib.
Spiker Dağlıq Qarabağ münaqişəsində nümayiş etdirdiyi ədalətli mövqeyə görə Çexiya Respublikası rəhbərliyinə minnətdarlığını çatdırıb.
"Dövlətlərimiz müstəqlliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlayıb. Sizin bu səfəriniz əlaqələrimizin inkişafına yeni impuls verəcək", - Milli Məclisin sədri Əsədov bildirib.
Əsədov parlamentlərarası əlaqələrin səviyyəsini, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyətini, qarşılıqlı səfərlərini, deputatlarımızın beynəlxalq təşkilatlardakı əməkdaşlığını yüksək qiymətləndirib. "İqtisadi əlaqələrimiz, ticarət dövriyyəmiz də artır. Hesab edirik ki, ticarət dövriyyəsinin daha da artırılması üçün geniş imkanlar var", - Azərbaycan Parlamentinin spikeri əlavə edib.
Azərbaycanın Cənubi Qafqaz regionunda həyata keçirilən regional layihələrdəki iştirakını xüsusi vurğulayan Əsədov deyib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyində böyük töhfələr verir. "Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi- Ərzrum qaz kəmərlərinin istifadəyə verilməsi, enerji daşıyıcılarının diversifikasiyası ilə bağlı yeni layihələrin reallaşması buna parlaq misaldır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair memorandum bizə bu sahədə əməkdaşlıq üçün geniş imkanlar açır. Düşünürük ki, Çexiya Respublikası da bundan səmərəli istifadə etməlidir", - Milli Məclisin sədri vurğulayib.
Əsədov Çexiyanın GUAM-da müşahidəçi kimi iştirakını yüksək qiymətləndirib, Avroatlantik strukturlara inteqrasiya məsələsində Çexiyanın təcrübəsinin Azərbaycan üçün maraqlı olduğunu bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]