Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Bakının Binəqədi yolunda "Emil Petrol" yanacaqdoldurma məntəqəsinin qarşısında iki sərnişin avtobusunun toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Cəmşid Hənifəyev Trend -a bildirib ki, 106 və 165 saylı avtobusların toqquşmasına avtomobillərin yüksək sürətlə idarə olunması səbəb olub.
Qəza zamanı hər iki avtobusun sürücüsü hadisə yerində keçinib.
Hənifəyev deyib ki, hər iki avtomobil deformasiyaya uğradığından, sürücülərin meyitlərinin çıxarılması zamanı Fövqəladə Hallar Nazirliyinin texnikasından istifadə olunub.
Hazırda ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirlir.
Daxili İşlər Nazirliyindən isə öncə Trend -a bildirilib ki, hadisə zamanı 3 sərnişin avtobusu toqquşub və ilkin məlumatlara görə, 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Trend -un hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə təxminən bu gün saat 7:30 radələrində baş verib.