Azərbaycanda 2011-ci ildə min hektar ərazidə ağaclar əkiləcək - ekologiya naziri (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2011 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel / Trend, müxbir M.Əliyev/

Azərbaycanda Beynəlxalq Meşələr İlinin rəsmi açılışı münasibətilə ağacəkmə mərasimi keçirilib.

BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi iməcilikdə 5 hektar sahədə 4000 ədəd zeytun ağacı əkilib. Bütövlükdə 60 hektar ərazidəki bataqlıq sahəyə 1050 min kubmetr torpaq gətirilərək qurudulub və 39 hektar ərazidə zeytun ağacları əkilib.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tədbirdə jurnalistlərə bildirib ki, ümumiyyətlə, Beynəlxalq Meşələr İlinin qeyd olunması çərçivəsində min hektar ərazidə ağacların əkilməsi planlaşdırılır.

Nazir deyib ki, Azərbaycanda son 10 ildə ölkə ərazisinin 0,4 faizi qədər meşələrin ərazisi artıb. Onun sözlərinə görə, ölkədə dağlıq ərazilərdə meşələrin qırılmasının qarşısı kifayət qədər alınıb.

Azərbaycanın ümumi meşə fondu 1213,7 min hektar, o cümlədən meşə ilə örtülü sahə 1021 min hektardır. Bu da respublika ərazisinin 11,8 faizini təşkil edir.

Meşələrin dünyada 1,6 milyard insanın yaşayışını, milyonlarla flora və fauna növü üçün həyat sahəsini təmin etməsi, o cümlədən iqlim dəyişikliyinin mənfi nəticələrinin qarşısının alınmasında oynadığı mühüm rolu nəzərə alaraq BMT-nin Baş Assambleyası 2011-ci ili Beynəlxalq Meşələr İli elan edib. Əsas mövzusu "İnsanlar üçün meşələr" olan Beynəlxalq Meşələr İlinə rəsmən 2 fevral 2011-ci il tarixində start verilib.

Azərbaycanın meşə ehtiyatlarının 49 faizi Böyük Qafqaz regionunun, 34 faizi Kiçik Qafqaz regionunun, 15 faizi Talış zonasının və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal olunub. Azərbaycanda adambaşına 0,12 hektar meşə sahəsi və 14,5 kubmetr oduncaq düşür.

Xəbər lenti

Xəbər lenti