...

SABAH qruplarında təhsil alan könüllülərin festivalı keçirilib

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

İyunun 10-da "SABAH-ın könüllüsü" proqramı çərçivəsində "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin festivalı keçirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "SABAHFest" adlı tədbir "SABAH-ın könüllüsü"nün Bakı-2015 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə təşkil olunub.

Tədbirdə Təhsil Nazirliyi və "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri çıxış edib, SABAH qruplarında təhsil alan tələbələrin Bakı-2015 1-ci Avropa Oyunlarına dəstək olaraq həyata keçirdiyi fəaliyyət haqqında məlumat verilib. Musiqili-interaktiv üslubda keçirilən festivalda tanınmış müğənnilərlə yanaşı, SABAH qruplarında təhsil alan tələbələrin canlı performansları da izlənilib. Festivalda tələbələr maraqlı viktorinalarda iştirak etməklə Avropa Oyunlarının idman yarışlarına bilet əldə etmək imkanı qazanıblar.

Tədbirdə, həmçinin "SABAH-ın könüllüsü"nün Avropa Oyunlarına dəstək olaraq keçirdiyi "SABAH Live" və "SABAH Foto" müsabiqələrinin qalibləri də mükafatlandırılıb.

"SABAH-ın könüllüsü" proqramı SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti