...

Mədəniyyət və Turizm Nazirliyi Avropa Oyunlarına gələn əcnəbilərin daha çox hansı turlara maraq göstərdiyini açıqladı

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 13:24 (UTC +04:00)
İlkin araşdırmaların nəticələrinə əsasən, Avropa Oyunları günlərində Azərbaycana gələn turistlər daha çox Bakı şəhəri və Abşeron yarımadasında olan turlardan istifadə edirlər.
Mədəniyyət və Turizm Nazirliyi Avropa Oyunlarına gələn əcnəbilərin daha çox hansı turlara maraq göstərdiyini açıqladı

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

İlkin araşdırmaların nəticələrinə əsasən, Avropa Oyunları günlərində Azərbaycana gələn turistlər daha çox Bakı şəhəri və Abşeron yarımadasında olan turlardan istifadə edirlər.

Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, Qonaqlar Bakı şəhəri daxilində şəhər turu edirlər, Bakı ətrafında isə Qobustan qayalarına, Atəşgaha, Yanardağa səfər edirlər: "Əcnəbilər Bakı şəhər turu çərçivəsində Azərbaycan Xalça Muzeyi, Azərbaycan İncəsənət Muzeyinə daha çox səfər edirlər. Bakıdakı Muzey Mərkəzində keçirilən Şokolad sərgisi qonaqların böyük marağına səbəb olub. Düşünürük ki, Oyunların son günlərinə yaxın turistlər ölkəmizdə daha çox qalacaqları təqdirdə digər bölgələrə də turlar edəcəklər. Ümumilikdə həm Azərbaycan Turizm Assosiasiyası, həm turizm şirkətləri bütün xidmətləri göstərməyə hazırdır".

Turistlərin muzeylərə çox gəldiyini deyən V.Şıxəmmədov əcnəbilərin teatrlarımıza da səfər etdiyini söyləyib. O qeyd edib ki, hazırda teatrlarda 10-dək tamaşa ingilis dilində titrlərlə göstərilir: "Buna nazirlik əməkdaşları tərəfindən nəzarət edilir. Bu sahədə heç bir problem yoxdur".

V.Şıxəmmədov bildirib ki, Bakının mərkəzindəki muzey və teatrların binaları da həm də tarixi memarlıq abidələridir: "Həmin binalar bu baxımdan turistlərin marağına səbəb olur".

Nazirlik rəsmisinin sözlərinə görə, son illərdə Azərbaycana gələn turistlərin sayı artır: "Avropa Oyunları günlərində Azərbaycana daha çox turistin gələcəyi ilə bağlı hələ bir müddət əvvəl verilən proqnozlar özünü doğruldur. Proqnozlar da onu göstərirdi ki, bu Oyunlar zamanı Azərbaycana kifayət qədər əcnəbi turist gələcək. Bugünkü müşahidələr gğöstərir ki, turistlər Azərbaycanla maraqlanırlar və Azərbaycan haqqında kifayət qədər məlumat əldə etmək istəyirlər. Düşünürəm ki, yalnız idman yarışlarına deyil, ümumiyyətlə, ölkəmizə gələn və onu tanımaq istəyən hər bir turist, əcnəbi üçün informasiya almaq baxımından hər cür şərait yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti