Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir Ş.Cavadsoy/
Ötən ilin sonlarında gözlənilmədən Rusiyada yaşayan nişanlısı Haqay Avenilovla əlaqələrini kəsən hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulova bugünlərdə yenidən eşq təklifi alıb. Söhbət onun türk saz ifaçısı Əli Şahinlə münasibətlərindən gedir. Tele-aparıcı Zabir Əliyevin rejissorluğu ilə ekranlaşdırılmış "Kimsə sevəcək" klipində Oksananın tərəf müqabili Əli Şahin olub. Sözügedən klipdə o, aktrisalıqla yanaşı, özünü həm də qiraət ustası kimi sınayıb. Acı məhəbbətin qurbanları rolunu oynayan cütlük deyəsən, real həyatda bütün bunların əksini yaşayır. Yoxsa həqiqətənmi çəkdiyimiz fotolarda mehriban təsir bağışlayan Oksana və Əli Şahin arasında gizli məhəbbət toxumları səpilib?
Trend-ə açıqlamasında rəqqasəyə olan sevgisini dilə gətirməkdən çəkinməyən saz ifaçısı fikirlərini belə izah etdi: "Oksana çox gözəl xanımdır. Kaş mən ondan bir neçə yaş böyük olardım və o, illər öncə qarşıma çıxaydı. Fikrimcə, Oksana xanım kimi sevdiyi qadının olması bütün kişilərin istəyi olardı. Təəssüflə deyirəm ki, sevgimi ona bəyan etsəm belə, nəticəsi olacağına ümidli deyiləm. Buna baxmayaraq, son şansımdan istifadə edib, sizin qarşınızda ona sevgimi bəyan edirəm".
Eşitdiklərindən sankı şoka düşən Oksana Trend-ə bildirdi ki, o, saz ifaçısını yalnız əziz bir adamı kimi çox istəyir. "Məhəbbət, eşq nədir? Yox, istəmirəm adım bundan sonra kiminləsə hallansın. Mən Əli Şahini qardaşım, doğmam kimi çox istəyirəm. Əminəm ki, o, da məni öz əzizlərindən ayırmır. Demişəm, bir daha da təkrarlayıram ki, nişanlımdan ayrılandan sonra eşq kitabını qatlayıb, bir kənara qoymuşam. Bəli, mən sevgisiz yaşaya bilmərəm. Nəyi sevdiyimə gəldikdə isə bu, mənim sənətimdir. Dediklərim kimlərəsə pafoslu görünə bilər, ancaq hind rəqslərinə duyduğum sevgini, heç bir kişinin sevgisi ilə əvəzləyə bilmərəm. Odur ki, qoy heç kim mənə ürəyini açmağa çalışmasın. Çünki eşidəcəkləri cavab "yox" olacaq", - Oksana Rəsulova dedi.
Foto: Şahin Cavadsoy