Azərbaycan, Bakı, 2 may /Trend/
Ukrayna Azərbaycanlı Gənclər Birliyi Kiyev şəhərində son məşqlərini başa vuran "Eurovision 2011" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Nigar Camal və Eldar Qasımovu Almaniyaya böyük coşqu ilə yola salıblar.
Trend-in məlumatlna görə, yolasalma mərasiminə qatılan Ukraynanın bir sıra gənclər təşkilatlarının nümayəndələri hər il olduğu kimi, bu dəfə də beynəlxalq mahnı müsabiqəsində Azərbaycana böyük dəstək verəcəklərini vurğulayıblar.
"Eurovision 2011" mahnı müsabiqəsinə yola düşməzdən öncə Ukraynadakı azərbaycanlı gənclərlə görüşə gələn Nigar Camal və Eldar Qasımov soydaşlarımız tərəfindən böyük coşqu və hərarətlə qarşılanıblar. "Yaşasın Azərbaycan!", "Sizdən qələbə gözləyirik!" kimi şüarlarla Nigar və Eldara mənəvi dəstək verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları təşkil etdikləri rəngarəng musiqi töhfələri ilə gənc və istedadlı müğənnilərimizə xoş və duyğulu anlar yaşadıblar. 100-ə yaxın gəncin qatıldığı tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Yeganə Qafqazlı, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Birlik sədrinin informasiya və mədəniyyət işləri üzrə müavini İlhamə Allahverdiyeva və Ukrayna parlamenti yanında Gənclər Assambleyasının sədri Yuna Şeyxəliyeva çıxış edərək Kiyev şəhərindən Almaniyaya yola düşən Eldar və Nigara qələbə uğurları arzulayıblar. Hər il olduğu kimi, bu dəfə də Ukraynadan Azərbaycana ən yüksək dəstəyin veriləcəyinə əminliklərini bildiriblər.
Onlara verilən mənəvi dəstəyə görə ukraynadakı gənclərə minnətdarlığını bildirən Nigar Camal "Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycanı layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb.
Təmsilçilərimiz mayın 10-da keçiriləcək birinci yarımfinalda 18 nömrə altında çıxış edəcəklər. İkinci yarımfinal mayın 12-də keçiriləcək. Final isə mayın 14-də baş tutacaq.