...

Azərbaycanda bəzi sponsorlar alverçi düşüncəsinə malikdirlər - xalq artisti Akif İslamzadə

Mədəniyyət Materials 10 May 2011 16:25 (UTC +04:00)
Xal artisti Akif İslamzadə aylardan bəri davam edən susqunluğunu Trend-ə danışaraq pozdu. Sənətkarla eksklüziv müsahibə zamanı çalışdıq ki, sənət dünyasında baş verən bir çox qaranlıq məqamlara aydınlıq gətirək.
Azərbaycanda bəzi sponsorlar alverçi düşüncəsinə malikdirlər - xalq artisti Akif İslamzadə

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir Ş.Cavadsoy/

Xal artisti Akif İslamzadə aylardan bəri davam edən susqunluğunu Trend-ə danışaraq pozdu. Sənətkarla eksklüziv müsahibə zamanı çalışdıq ki, sənət dünyasında baş verən bir çox qaranlıq məqamlara aydınlıq gətirək. İstəyimizə nə qədər nail olub-olmadığımızı isə Sizin müzakirənizə buraxırıq.

- Akif müəllim, istərdik ki, birinci növbədə həmişə sizi müşayiət edən təvazökarlıqdan danışasınız.

- Həmişə yalançı təvazökarlığın əleyhinə olmuşam. İndiki gənc kişi ifaçılar tez-tez mənim repertuarıma müraciət edirlər. Deyə bilmərəm ki, onlar məhz mənim yolumla gedirlər. Amma elə şeylər var ki, bəzən susmağa üstünlük verirəm. Məsələn, heç zaman anam haqqında və öz barəmdə fikir söyləmirəm.

- Bir vaxtlar açıqlama ilə çıxış edib deyirdiniz ki, kişi ifaçıların səsində qadın boğazlarını eşitmək adi hala çevrilib. Maraqldır, yenə də bu fikirdəsiniz?

- Təkcə kişilərdən danışmamışdım. Elə qadınlar da var ki, kişi səsi ilə oxuyurlar. Mənə görə bu, kompleksdir. Cəmiyyət özü də cılızlaşır. Bugünkü zəmanəmizə "matriarxat cəmiyyət" deyə bilərik. Belə olan halda dəyərlərin dəyişməsi elə də qeyri-adi qarşılanmır. Və acınacaqlı odur ki, bu cür şeylər normal qəbul edilir. Hər halda belə olması heç də yaxşı deyil. Digər tərəfdən, istedadlı uşaqların bu tərzdə oxuması adama pis təsir edir.

- Bir ara qadın boğazları ilə oxuyan kişi ifaçıların arasında pedaqoq-müğənni Teymur Əmrahın da adı çəkilirdi.

- Mən heç vaxt ad çəkməmişəm. O ki qaldı Teymur Əmrahın ünvanına nəsə söyləməyimə, inanın, onun bərəsində hansısa iradla çıxış etməmişəm. Kim nəçidir və nə işlə məşğul olur, qoy ona xalq qiymət versin.

- İstər-istəməz belə bir sual yaranır. Əgər Akif İslamzadə gənclərin ifa tərzini bəyənmirsə, nə səbəbdən özünün "ustad kursu"nu təşkil etmir?

- "Ustad kursu" və ya musiqi məktəbinin yaradılması kifayət qədər maliyyə vəsaiti tələb edir. Ancaq hələ ki, bizim sponsorlarla işləməyi düşünmürəm. Çünki bizim bəzi zəngin adamlar pul xərcləmək istəmirlər. Qoy bu sözümdən inciməsinlər. Məsələn, bir neçə istedadlı uşağı bir yerə toplayıb dərs versəm, pul ödəyən sponsor üç aydan sonra gəlib deyəcək ki, bəs filankəsimin toyudur, tələbələrin gəlib oxusunlar. Bilirsiniz, mən belə insanlara əsla tacir deyə bilmərəm. Çünki tacir daha dərin düşüncəyə sahib olur. Bu sözü indiki sponsorların 90 faizinə şamil etmək olmaz. Açıq deyirəm, Azərbaycanda bəzi sponsorlar alverçi düşüncəsinə malikdirlər.

- Zamanın nəbzini tutan dırnaqarası müğənnilərə nə məsləhət görərdiniz?

- Elə bilirsiniz ki, onlar peşəkar məsləhətinə qulaq asırlar? Sadəcə bir tövsiyə edərdim ki, yaradıcılıqlarını toy səhnəsi ilə məhdudlaşdırmasınlar. Çünki nə qədər ki, bəzi müğənnilər ancaq toy oxumaqla özlərini "№1" sayacaqlar, əminliklə deyirəm ki, heç vaxt sənət zirvəsinə ucalmaq onlara nəsib olmayacaq.

Xəbər lenti

Xəbər lenti