...

Məşhur gürcü mahnısı "Çito qvrito" "Next" qrupunun ifasında (FOTO)

Mədəniyyət Materials 10 May 2011 17:30 (UTC +04:00)
"Bu günə qədər Marneulidə bir çox Azərbaycan müğənnilərinin konsertləri olub. Amma biz "Next" qrupunun göstərdiyi şouya çox təəccübləndik. İlk dəfədir ki, həm azərbaycanlı, həm də gürcü qonaqlar konsertin sonuna qədər nəinki zalı tərk etmədi, hətta doyunca əyləndilər
Məşhur gürcü mahnısı "Çito qvrito" "Next" qrupunun ifasında (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir Ş.Cavadsoy/

"Bu günə qədər Marneulidə bir çox Azərbaycan müğənnilərinin konsertləri olub. Amma biz "Next" qrupunun göstərdiyi şouya çox təəccübləndik. İlk dəfədir ki, həm azərbaycanlı, həm də gürcü qonaqlar konsertin sonuna qədər nəinki zalı tərk etmədi, hətta doyunca əyləndilər. Qrupun rəngarəng repertuarı və dünya standartlarına uyğun xoreoqrafiyası sözün əsl mənasında qonaqlarımızın ürəyincə oldu". Bu sözləri "Next" qrupunun mayın 9-da Gürcüstanda keçirilən sayca ikinci konsertində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) rəhbəri Fazil Həsənov səhnədən deyib.

Trend-ə danışan qrupun mətbuat katibi Aysər Həsənlinin sözlərinə görə, konserti açıq elan edən AMM-in rəhbəri Fazil Həsənov konsertə toplaşmış gəncləri, ziyalıları, QHT nümayəndələrini salamladıqdan sonra Heydər Əliyev şəxsiyyətinin gənclər üçün nümunə olduğunu bildirərək, "Next" qrupunun konsertinin gənclərə hədiyyə olduğunu söyləyib.

"Sarvan" folklor rəqs qrupunun "Odlar yurdu" rəqsindən sonra səhnəyə çıxan 4 yaraşıqlı oğlan ilk dəfə olaraq musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus ulu öndər Heydər Əliyevə həsr olunmuş "Pride" mahnısını ingilis dilində ifa etdilər. Repertuarı xarici, milli və müasir mahnı parçaları ilə zəngin olan qrup gənclər tərəfindən yüksək səviyyədə qarşılandı. Qeyd etmək yerinə düşərdi ki, "Sarvan" rəqs qrupunun solisti Emilyanın akrobatik çıxışla müşayiət olunan qrupun ifa etdiyi "Dans et" mahnısı hamını heyrətləndirdi. Görünməmiş ajiotajla baş tutan konsertdə "Next"çilərin məşhur gürcü mahnısı "Çito qvrito"nu ifa etməsi isə gürcü mediası tərəfindən maraqla qarşılandı.

Konsertin sonunda Azərbaycanın xalq mahnılarından ibarət popuri səsləndirildi. Sonra qrup yerli televiziyanın canlı efirində iştirak edərək tamaşaçıların suallarını cavablandırdılar.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və iş adamı Tural Bayraməliyevin təşkilatçılığı ilə baş tutan ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş konsertdə Azərbaycan-Gürcüstan Parlamentləarası Dostluq Qrupunun rəhbəri Qənirə xanım Paşayeva, Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Şövqü Mehdizadə və Adil Əfəndiyev, şəhər rəhbərliyi, QHT rəhbərləri, ziyalılar, Gürcüstanın ali və orta təhsil ocaqlarında təhsil alan gənclər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti