...

"Lokum" titulu qazanan müğənni Günel Ələkbərova Silifkedə məşhurluğun zirvəsində (FOTO)

Mədəniyyət Materials 12 İyul 2011 17:57 (UTC +04:00)
"Lokum" (şirniyyat növü) titulunu qazanmış müğənni Günel Ələkbərovanı və oxucularımızı təqdim etdiyimiz reportajla yenidən o qədər də uzaq olmayan keçmişə qaytarmaq istəyirik.
"Lokum" titulu qazanan müğənni Günel Ələkbərova Silifkedə məşhurluğun zirvəsində (FOTO)

Türkiyə, Mersin, 12 iyul /Trend, müxbir Ş.Cavadsoy/

TÜRKSOY-un fəxri diplomu və qiyməli hədiyyələri ilə mükafatlandırılaraq 38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsindəki çıxışlarından sonra "lokum" (şirniyyat növü) titulunu qazanmış müğənni Günel Ələkbərovanı və oxucularımızı təqdim etdiyimiz reportajla yenidən o qədər də uzaq olmayan keçmişə qaytarmaq istəyirik.

Mersinə gəldiyimiz gündən yerli bələdiyyənin rəhbəri Bayram Ali Öngel Azərbaycan nümayəndə heyətinə göstərdiyi xüsusi diqqətli ilə seçilirdi. Hətta açılış günü protokol tribunasında özünün və işçilərinin yerlərini sənətçilərimizə vermişdi. Bu jestin qarşılığında isə Günel xoş sürpriz edib bələdiyyə rəhbəri başda olmaqla, bütün fəxri qonaqlara üç rəngli bayrağımızı Türkiyə bayrağı ilə birlikdə hədiyyə etdi. Digər türkdilli dövlətlər arasında qələbənin bizim payımıza düşəcəyininin ilk işıltılarını bu mehribanlıqdan hiss etmək elə də çətin deyildi. Digər tərəfdən isə səs imkanlarına görə Cəlal Abbasovun ən güclü namizəd olmasına da kimsə şübhə ilə yanaşmırdı.

Səkkiz günlük "Silifke macəraları"nda ən yadda qalan məqamları çəkdiyimiz fotolara nəzər salanda açıq-aşkar görürük ki, Günel həqiqətən Vətənini sözdə yox, əməldə sevənlərdəndir. Festivalın final gününə qədər səhnədə Azərbaycan bayrağının asılmamasından narahatlıq keçirən Ələkbərova, səhnəyə çıxmasına bir neçə saat qalmışa qədər sözünün üstündə durdu və sonda heyətimizin gətirdiyi bayrağımızı səhnədən asdırdı. Təşkilatçılar bu səhvlərini sırf unutqanlıq kimi xarakterizə etsələr də, tədbirin sonunda hər kəs Günelə öz təşəkkürünü bildirdi.

Sanki Mersinin Silifke rayonuna ayaq qoyduğu gündən şans Ələkbərovanın üzünə gülmüşdü. Müsabiqənin sponsorlarından biri olan "Selcuk gözəllik salonu"nun sahibi Selcuk Göklü, salonuna gəldiyimiz gündən istiqanlılığı ilə yaxın dostlarımızdan birinə çevrildi. Silifkedə keçirdiyimiz bir həftə boyunca yaxın dostları Mehmet, Uğur, Hakan, Ali və başqaları ilə birlikdə doğma diyarlarını bizə layiqincə tanıdan Selcuk, bizi hazırda ailə dostumuza çevrilmiş Vedat bəy və onun xanımı Gülçinlə də tanış etdi. İş adamı olan Vedat bəy uzun illərdən bəri Niderlandda yaşasa da, əslən Adanadandır. Həyat yoldaşı isə Silifkedəndir. Onlar yeni ailə qurublar. Amma bir-birlərinə Leyli-Məcnun kimi bağlanıblar. Bir haşiyə çıxmaq yerinə düşərdi ki, səfərimiz boyunca İstanbulda müğənni kimi fəaliyyət göstərən "Nar Star" müsabiqəsinin favorit iştirakçılarından biri kimi tanınan Seymur İsmayılov da Mersinə özəl qonağımız kimi təşrif buyurmuşdu. Belə ki, Günel, mən və Seymur ayrılmaz üçlük kimi hər anımızı birlikdə keçirirdik.

Qardaş ölkədən reportajlar yazarkən Günelin vətənpərvərliyi barədə geniş yazı hazırlamışdım.

Təkrarən qürurla yazmaq istərdim ki, Azərbaycan müğənnisi olmasına baxmayaraq, Türkiyə ulduzları səviyyəsində qarşılanan Ələkbərova, hər çıxışı ilə tamaşaçıların sevgisi ilə əhatə olunurdu. Festival çərçivəsində ən çox səhnəyə çıxan müğənni də elə Günel olmuşdu. Bu arada qeyd etmək yerinə düşərdi ki, tanınmış türk müğənnisi Gökhan Özen, bələdiyyə rəhbərinin vasitəsilə eyni səhnəni paylaşan Ələkbərova ilə konsertöncəsi bir neçə dəqiqəlik görüş keçirdi. Şəxsi tanışlıqlarından sonra bir-birlərinə Azərbaycan-Türkiyə bayraqlarını hədiyyə edən müğənnilər media mənsublarının suallarını da cavablandırdılar. Günelin repertuarında yer alan üç mahnı - sözləri Bəxtiyar Vahabzadə, musiqisi Cavanşir Quliyevə məxsus olan "Azərbaycan-Türkiyə", söz və musiqisi Yaşar Usubun olan "Çatlasınlar" və Rüstəm Zeynallının Cəlal Qurbanovun sözlərinə yazmış olduğu "Yarıma deyin" bəstələri yəqin ki, türk tamaşaçıların dilində hələ də səslənməkdədir.

Pərəstişkarlardan söz düşmüşkən, 10 ildən artıqdır ki, Türkiyədə yaşayan həmyerlimiz Hicran Qarayeva iki qızı Səkinə və Zəhra ilə birlikdə Günelə dəstək olmaq üçün bütün konsertlərdə onu tək qoymadılar. Bir gecənin içində Azərbaycan bayrağını toxuyub bizə hədiyyə edən Hicran xanım, sən demə, Günelin heyranlarından biridir. Qızları qədər ona əziz olan müğənnini yaxından görməyin sevincini yaşayan həmyerlimiz dəfələrlə hamımızı evinə qonaq dəvət etsə də, vaxt azlığından bu istəklərini gerçəkləşdirə bilmədik. Elə bilməyin ki, Günel də sevənlərini hədiyyəsiz qoydu. İzdihama yaxınlaşmaqdan çəkinməyən müğənni, hətta qolundakı bilərzikləri yeni gənc qız pərəstişkarlarına hədiyyə etdiyi zaman çətin anlar yaşadı. Şəkil çəkdirmək istəyən qızlar dəmir hasarın olmasına əhəmiyyət vermədən sevgilərini göstərməyə çalışırdılar. Ancaq polisin müdaxiləsi ilə Güneli məkandan uzaqlaşdırmağa müvəffəq olduq.

8 gün ərzində Azərbaycan müğənnilərindən birinin qısa müddət ərzində qardaş ölkədə sevilməsinin şahidi olmaq jurnalist kimi məni də fərəhləndirməyə bilməzdi. Trend-ə açıqlamasında təəssüratlarını oxucularımızla bölüşən Günel Ələkbərova qardaş ölkə ilə bağlı xoş xatirələrini dilə gətirdi.

"İlk əvvəl göstərdikləri dəstəyə görə türk dünyasının sənət kraliçası İlhamə xanım Quliyevaya, əməkdar incəsənət xadimi, Azərbaycanın birinci modelyeri Fəxriyyə xanım Xələfovaya və Azərbaycanın xalq artisti Aygün Kazımovaya dərin minnətdarlığını bildirirəm. İlhamə xanım mənəvi dəstək olsa da, Aygün xanım 15 il bundan əvvəl sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi Cavanşir Quliyevə məxsus olan "Azərbaycan-Türkiyə" mahnısını sözügedən müsabiqədə ifa etməyimə icazə verdi. Fəxriyyə xanım isə kolleksiyasından olan üç dəyərli səhnə geyimini təqdim etməklə, mənim bütün iştirakçılardan seçilməyimə fürsət yaratdı. Yəni Bakını tərk etdiyim andan dəstəklə əhatə olunduğumu hiss edirdim. Mötəbər festivalda iştirakımı təşkil etdiklərinə görə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşlarına, eləcədə İdarənin rəhbəri Əlikram Əliyevə öz təşəkkürümü bildirirəm. Bəli, müsabiqədə TÜRKSOY-un fəxri diplomuna layiq görüldüm. Və qurumun sədri cənab Düsen Kaseinovla tanışlığımız baş tutdu. O söz verdi ki, türkdilli dövlətlərdə müğənni kimi tanınmağımdan ötrü bacardığı köməyi əsirgəməyəcək. Azərbaycandan olan müğənni həmkarlarıma gəldikdə isə Cəlal Abbasovun birinci, Nurlan Əzizbəylinin isə məxsusi diplomla seçilən nominantlar arasında olması məni çox sevindirdi. O qədər zəngin təəssüratlarım var ki, danışmaqla bitməz. İnşallah, bundan sonra yaradıcılığımla daha ciddi məşğul olacaq və bu kimi beynəlxalq müsabiqələrə tez-tez qatılıb Vətənimi təmsil etməyə çalışacağam. Yaşasın, Azərbaycan!" - müğənni ürək sözlərini belə tamamladı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti